Mobil toksik qazlar detektoru hazırlanıb
Massaçusets Texnoloji İnstitutunun (MIT) tədqiqatçıları növbəti uğurlu layihə barədə açıqlama veriblər. Bu dəfə layihə qismində havada zəhərli qazların mövcudluğunu tam dəqiqliklə aşkar edərək sonradan göstəriciləri müvafiq qurğuya ötürə bilən xüsusi mobil sensor çıxış edir. Texnologiyadan əksər müasir istehsalda, o cümlədən hərbi məqsədlər üçün effektiv istifadə mümkündür.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, sensor insanı zəhərləyən qazların mövcudluğuna qarşı çox həssasdır. Toksik maddələrin aşkarlanmasının dəqiqliyi o qədər yüksəkdir ki, qurğu istifadəçini havada zəhərli qazın milyonda bir hissəsinin onda bir hissəsi olduqda belə təhlükə haqqında xəbərdar edir. Zəhərli qazla təmas zamanı sensor daxilində yerləşən karbon nanoborucuqlar onları saxlayan materialdan ayrılır və mobil qurğu ilə rabitə quran “NFC” texnologiyasını aktivləşdirir.
Bildirilir ki, sensor kompakt, yüngül və istehsalı ucuzdur. Gələcəkdə mütəxəssislər kəşfi əsasında mağazalarda malların oğurlanmasının qarşısını almaq üçün aktiv tətbiq edilən yarlıqların yaradıldığı “RFID” texnologiyası ilə uyğunlaşdırmaq niyyətindədirlər.
Bundan başqa, sensorları birbaşa hərbçilərin formasına tikmək planlaşdırılır. Sensor yaradıcıları minlərlə hərbi qulluqçunun və kimya sənayesində çalışan insanların həyatını təhlükəsiz edəcəklərinə ümid edirlər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL