Yeni "Gorilla Glass” şüşəsi mobil telefonları zərbədən daha yaxşı qoruyacaq
ABŞ-ın “Corning” şirkəti mobil qurğuların displeyləri üçün "Gorilla Glass” qoruyucu şüşəsinin beşinci nəslini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Gorilla Glass 5” əldən yerə düşərkən dözümlüyünə görə rəqib istehsalçıların texnologiyalarını və şüşənin əvvəlki nəslini (Gorilla Glass 4) üstələyir. Belə ki, keçirilən sınaqlarda yeni qoruyucu şüşə asfalta oxşar bərk nahamar səth üzərinə 1,6 metr hündürlükdən düşmələrin təxminən 80 faizinə dözməklə bu göstərici üzrə digər istehsalçıların nümunələrini dörd dəfə geridə qoyub.
Qeyd edək ki, 2014-cü ilin sonunda təqdim edilən əvvəlki nəsil “Gorilla Glass” şüşəsinin düşməyə dözümlüyü bir metr hündürlükdən yoxlanılıb. Mütəxəssislər testin hündürlüyünü istifadəçilərin smartfonları çox vaxt bel və çiyin arasında yerə salmaları ilə əlaqədar artırıblar.
Məlumata görə, yeni qoruyucu şüşə qurğunun displeyində keyfiyyətli təsviri və onun sensor səthinin toxunuşlara və mətnlərin çapına həssaslığını təmin edir.
“Gorilla Glass 5” qoruyucu şüşəsi ilə təchiz edilən ilk mobil qurğuların bu ilin sonunda satışa çıxarılacağı gözlənilir.