20 Qbit/saniyə sürətində ilk “5G” şəbəkəsi tikilib
“Huawei” və “Vodafone” şirkətləri Böyük Britaniyada “5G” rabitə standartının E tezliyi diapazonunda (60-90 QHs) səhra sınaqları zamanı məlumatları 20 qiqabit saniyə sürətində ötürməyə nail olublar.
“ICTnews” Elektron Xəbər Xidməti “CNews” resursuna istinadən yazır ki, sınaqlar müvafiq olaraq 20 Qbit/saniyə və 10 Qbit/saniyə sürət nümayiş etdirən biristifadəli (SU-MIMO) və çoxistifadəli (MU-MIMO) çoxkanallı giriş/çıxışlarda keçirilib.
Məlumata görə, “beşinci nəsil” və ya "IMT-2020” rabitə standartı kimi tanınan “5G” kommunikasiyaları yeni səviyyəyə çıxaracaq rabitə standartıdır. Şəbəkənin əsas göstəricisi məlumatların minimum 10 Qbit/saniyə sürətində simsiz ötürülməsidir.
“5G”-nin tətbiq ediləcəyi təxmini tarix 2020-ci il hesab edilir. Müddət rabitə nəsillərinin mütəmadi dəyişməsi - təqribən on ildə bir dəfə nəzərə alınaraq hesablanıb və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsdiq edilib.
Yeni standartın əsas vəzifələrindən biri “Əşyalar interneti” texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə “5G” şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.
Bundan başqa,”5G” müasir kommunikasiyanın bir neçə problemini həll edəcək. O, insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri “ağıllı” idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin standart media fayllardan istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.
Sınaqlar başa çatdıqdan sonra “Huawei”in baş direktoru Erik Xu bildirib ki, “5G” ümumi kommunikasiya şəbəkəsinə bəşəriyyətin icad etdiyi və gələcəkdə icad edəcəyi “ağıllı” qurğuların hamısını daxil edə biləcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL