waplog

İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin gündəliyinin çox geniş olduğunu, demək olar ki, bütün sahələri əhatə etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu dedi.

Ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rolunu xüsusi qeyd edən Prezident İlham Əliyev onun fəaliyyətini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində prezidentlərin verdiyi dəyərli tövsiyələrin önəmini vurğuladı. Özünün bu yaxınlarda İran İslam Respublikasına rəsmi səfər etməsini və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin isə Azərbaycana rəsmi səfərə gələcəyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev bunu ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının və dinamik şəkildə inkişaf etməsinin yaxşı göstəricisi kimi dəyərləndirdi.
 
Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq ölkələrimiz arasında ikitərəfli əlaqələrin və dost münasibətlərin genişləndirilməsində Prezident İlham Əliyevin rolunu xüsusi qeyd etdi.
 
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, Xəzər dənizində əməkdaşlıq məsələləri müzakirə edildi, energetika, neft-qaz, nəqliyyat, sərmayə qoyuluşu, maliyyə, bank, kənd təsərrüfatı, turizm və səhiyyə sahələrində əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL