waplog

RYTN “Apelyasiya şuralarına elektron şikayət qəbulu” sisteminin təqdimatını keçirdi


Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə yaradılan Apelyasiya Şurası üzrə xidmətlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən elektronlaşdırılıb. Artıq "Apelyasiya Şuralarına elektron  şikayət qəbulu"  xidməti "Elektron hökumət" portalına inteqrasiya olunub.
 
Bu gün "Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi portala inteqrasiya edilən bu yeni elektron xidməti ictimaiyyətə təqdim edib.
 
Təqdimatda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası katibliyinin rəhbəri Yaşar İbrahimov RYTN tərəfindən apelyasiya şuralarına şikayətlərin qəbulu prosesinin elektronlaşdırılaraq "Elektron hökumət" portalına (e-gov.az) inteqrasiya olunmasını yüksək qiymətləndirib. O, bu sistemin sahibkarların müraciət imkanının daha da asanlaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Sonra Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov çıxış edərək ilk növbədə "Elektron hökumət" portalının uğurlu fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, hazırda portala müxtəlif qurumlardan 423 elektron xidmət inteqrasiya edilib, 8 milyonu 2016-cı ildə olmaqla, ümumilikdə 30 milyondan artıq müraciət qeydə alınıb.

E.Əsədov "Apelyasiya şuralarına elektron şikayət qəbulu" elektron xidmətinin əhəmiyyətindən danışaraq bu sistemə Prezident yanında Apelyasiya Şurası da daxil olmaqla 118 qurumun qoşulacağını diqqətə çatdırıb.
 
Daha sonra nazirliyin mütəxəssisləri tərəfindən Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının  nümayəndələrinə elektron xidmətlə bağlı təlim keçirilib.
 
"Apelyasiya Şuralarına elektron  şikayət qəbulu" xidməti sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinin elektron şəkildə Azərbaycan Respublikasının  mərkəzi və yerli icra hakimiyyəti orqanlarına operativ çatdırmasına xidmət edir.
 
Sahibkarlar üçün çox böyük əhəmiyyət daşıyan xidmət, eyni zamanda şikayətçilərin dövlət orqanlarına müraciətinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə edilməsinə imkan verəcək. Adıçəkilən xidmətdən istifadə edən vətəndaş həmçinin, göndərmiş olduğu müraciətə baxılma barədə məlumatı izləmək  və  verilən qərarı elektron formada əldə edə bilmək imkanı qazanacaq.

















NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL