Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları müstəqil yığılan mobil telefon icad ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, professor Devid Mellisin mobil telefon layihəsi əsasında yaradılan telefon prototipi üç yox, dörd hissədən ibarətdir. Detalların hər birinin küncündə telefonun müxtəlif hissələrinə yalnız düzgün ardıcıllıqla birləşməyə imkan verən birləşmə nöqtələri yerləşir. Detalların birlikdə saxlanması üçün maqnit bərkitmələrindən istifadə olunur.
Nümayiş edilən videoda iki telefon üçün hissələr fırlanan barabanın içinə salınır və bir müddətdən sonra detallar öz-özünə iki telefona yığılır. Barabanın fırlanma sürəti elə seçilib ki, eyni anda həm detallar qarışdırılır, həm də telefon hissələri bir-birinə və ya barabana dəyib sınmır.
Mütəxəssislərin sözlərinə görə, gələcəkdə texnologiyanın daha təkmil versiyası elektronikanın yığılması üçün xərclərin azaldılması sayəsində istehsalı xeyli ucuzlaşdıra bilər.