Elektron imzanın verilməsi üçün işlərə start verilib
Azərbaycan Respublikası vətəndaşlarına, hüquqi və fiziki şəxslərə, dövlət qulluqçularına elektron imza sertifikatlarını vermək üçün Məlumat Hesablama Mərkəzi “Azərpoçt” MMC ilə birlikdə ilk olaraq Bakıda yerləşən 1, 2, 3 , 4, 5 və 6 saylı Mərkəzi poçt filiallarında Qeydiyyat mərkəzlərinin təşkilini həyata keçirməyə başlayıb.
MHM-dən verilən məlumata görə, bunun üçün lazımi avadanlıqlar quraşdırılaraq, bu avadanlıqların infrastruktura uyğun olaraq sazlanması və proqram təminatının yüklənməsi işləri görülüb.
Vətəndaşlara yüksək səviyyədə və operativ olaraq xidmət işini yerinə yetirmək məqsədi ilə MHM tərəfindən “Azərpoçt” MMC-nin mütəxəssislərinə davamlı olaraq treninqlər keçirilir.
Treninqdə iştirak edən iştirakçılara təlim materialları (videomaterial) və tədris vəsaitləri (QM operatorları üçün hazırlanmış təlimatlar, vətəndaşlardan tələb olunan və onlara verilən sənədlərin nümunələri və s. təqdim edilir.
Qeydiyyat mərkəzlərinə müraciət edən hər bir vətəndaş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq şəxsiyyət vəsiqəsini, hüquqi şəxs və ya dövlət qulluqçusu olduqda qanunvericiliyə müvafiq digər sənədləri (hüquqi və fiziki şəxs, həmçinin sahibkarlar üçün nəzərdə tutulmuş etibarnamə, elektron imza sertifikatının alınmasına müraciət olunan işçilərin siyahısı, təşkilatın nizamnaməsi, dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamə, Dövlət reyestrindən çıxarış, vergi ödəyicisinin qeydiyyatı haqqında bildiriş və digər qeydiyyat sənədlərini) təqdim edir.
Sənədlər Qeydiyyat Mərkəzi operatorları tərəfindən diqqətlə yoxlanıldıqdan və xidmət haqqı vətəndaş tərəfindən ödənildikdən sonra hər bir vətəndaşın adına ərizə formalaşdırılır.
Ərizəyə daxil edilən şəxsi məlumatlar İAMAS (Daxili İşlər Nazirliyinin bazası) ilə yoxlandıqdan və Mərkəz səlahiyyətlisi tərəfindən təsdiq edildikdən sonra məhsulun emalı prosesinə başlanılır.
Tam məhsul paketləri (vətəndaşa aid olan smart kart, pin kod zərfi, kağız daşıyıcıda olan 2 nüsxə sertifikat, 2 nüsxə müqavilə) hazır olduqda dəstlənərək müvafiq Qeydiyyat mərkəzlərinə çatdırılır və vətəndaşlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim edilir.
Bundan əlavə Azərbaycan Respublikası vətəndaşlarının “e-imza”dan istifadəsini asanlaşdırmaq məqsədilə “www.e-imza.az” saytı da istifadəçilərin istifadəsinə verilmişdir. Bu sayt istifadəçilərə:
İmza sahiblərinin fərdi məlumatları əsasında axtarış aparmağa, sertifikatlarının detallarına baxmağa; Sertifikatları yoxlamağa; Sertifikat hadisələrinin tarixçəsinə baxmağa; “e-imzalayıcı” proqramını yükləməyə və eyni zamanda “e-imza” ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı verir.
Qeyd edək ki, regionlarda da Qeydiyyat mərkəzlərinin təşkili istiqamətində işlər aparılır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL