“Yuneec” şirkəti istifadəçilərin yüksək təsvir ölçüsündə avtomatik video və foto çəkilişləri üçün xüsusi yaradılmış yeni kompakt "Breeze” pilotsuz uçan aparatını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, şirkət nümayəndələri yeni dronu həvəskarlar üçün pilotsuz uçan aparat yox, “uçan kamera” kimi qələmə verirlər. Qatlanan şassi və peşəkar kamera ilə təchiz edilən aparatın qabaritləri (196х196х65 мм) əvvəllər istehsal edilən oxşar aparatların ölçüsünün təxminən yarısına bərabərdir. Dronun akkumulyatoru 12 dəqiqəlik avtonom iş üçün kifayət edir, eləcə də batareya enerjini 30-40 dəqiqəyə toplayır.
Yeni pilotsuz uçan aparatın idarəetməsini sadələşdirmək, eləcə də onu daha portativ etmək üçün şirkət idarəetməni smartfonun köməyi ilə bir neçə idarəetmə rejimli müvafiq mobil əlavə vasitəsilə təmin edib. Əllə idarəetmə rejimi ilə yanaşı, əlavə bir neçə avtomatik rejimlər təklif edir. “Selfie” rejimi dron istifadəçilərin şəkillərini çəkməyə başlamazdan əvvəl onun havada vəziyyətini tənzimləməyə imkan verir, avtomatik izləmə rejimi isə dronun kamerasını istifadəçiyə yönəldir ki, bu da insanın kadra düşüb-düşməməsi ilə bağlı narahatlığa son qoyur.
Aparatda quraşdırılan kamera vertikal şəkildə aşağı və yuxarıya dönməklə “4K” təsvir ölçüsündə keyfiyyətli video və ya 12 meqapikselli fotoşəkillər çəkir. Bundan əlavə, kamera telefonda real vaxt rejimində translyasiyalar aparmağa imkan verir.
Hazırda şirkətin rəsmi saytında yeni "Yuneec Breeze” pilotsuz uçan aparatların qiyməti 499 dollar təşkil edir.