Yapon robotu dünyada ilk dəfə stolüstü tennis üzrə məşqçi statusu alıb
Yaponiyanın “FORPHEUS” adlı robotu “Ginnesin rekordlar kitabı”nın sertifikatına layiq görülüb, belə ki, sözügedən robot insana stolüstü tennis oyununda məşqçilik edə bilər. Bu haqda istehsalçı “Omron” şirkəti məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, “FORPHEUS” görünüşcə oyun avtomatlarında olan tutma mexanizmini xatırladır. Robot pinq-ponq oyunu üçün masaya bərkidilmiş iki "ayağı" üstə durur. "Əli" vasitəsilə raketkanı saxlayır. Robotun hündürlüyü təxminən iki metrdir.
Təsviri saniyədə 80 kadr tezliklə çəkən bir neçə sensor və kameralar sayəsində robot topun trayektoriyasını və uçuş sürətini dəqiq müəyyənləşdirmək və raketkanı düzgün tutmaq qabiliyyətinə malikdir. Bu halda robot topa elə zərbə endirir ki, insan onu görə bilsin. Bundan başqa, robot tərəfindən qaytarılmış topun uçuş trayektoriyası və onun enmə nöqtəsi masanın üstündə işıqlandırılır. Beləliklə, qurğu yeni oyunçular üçün yarayır və səmərəli məşqlər keçirməyə imkan verir.
"Bizim ixtiramız insanları robotlarla əvəz etmək üçün hesablanmış addım deyil, əksinə, insan və robotların birgə mövcud olduğu və bir-birini tamamladığı cəmiyyətin imkanlarının nümayişidir. Hələ ki robotların əsas hissəsi sənayedə tətbiq edilir, ancaq onların başqa sahələrdə tətbiqi tədricən artır" – “FORPHEUS” robotunun yaradıcılarından biri olan Masaxiro İkumo bu qənaətdədir.