waplog

“IBM Watson” superkompüteri xəstələrin qayğısına qalacaq


“IBM Watson” süni intellekt kompüter sisteminin yeni vəzifəsi xəstəxanalar üçün xəstələrə tibbi heyətlə ünsiyyət qurmağa, eləcə də otaq temperaturunun və işıqlandırma səviyyəsinin tənzimlənməsi kimi faydalı funksiyaların idarəetməsi üçün rahat alət təqdim etməyə kömək edəcək “ağıllı” sistemin yaradılması olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “IBM” şirkəti bu məqsədlə xəstəxana palatalarını “IBM Watson” “Əşyalar interneti” platformasına qoşulacaq “ağıllı” kolonkalarla təchiz etməyə başlayıb. Kolonka vasitəsilə xəstələr tibb bacıları ilə məsafədən əlaqə saxlayacaq, eləcə də palata daxilində elektronikanı idarə edə biləcəklər. Bundan başqa, sistem xəstəxananın məlumat bazasından günün qaydasına, xəstəlik tarixçəsinə və növbəti prosedurlara aid informasiyanı alaraq xəstələrin bir sıra suallarını müstəqil şəkildə cavablandıra biləcək.

“IBM Watson” superkompüteri adi nitqi simulyasiya edən alqoritmlərdən istifadə edir. Şirkət həmin alqoritmdən sərnişinlərə kompüterlə adi sürücü kimi danışmağa imkan verən sürücüsüz “Olli” avtobuslarında istifadə edib.

Yeni “ağıllı” sistemin Tomas Cefferson Universitetinin Filadelfiyadakı xəstəxanasının üç obyektində sınaqlarının keçirilməsi nəzərdə tutulur. “Əşyalar interneti” sisteminə 900-dən çox xəstəxana çarpayısının qoşulması gözlənilir.

Qeyd edək ki, “Watson” 2011-ci ildə “Jeopardy!” televiziya viktorinasında qalib olandan sonra məşhurlaşmağa başlayıb. O vaxtdan superkompüterə kommersiya təşkilatları maraq göstərir. Məsələn, 2012-ci ildə ondan ABŞ-ın bir neçə klinikasında müxtəlif xəstəliklərin müalicəsinə tövsiyələr verməsi üçün virtual diaqnost kimi istifadə edilib. 

Bundan başqa, superkompüter Los-Ancelesin Sidars-Sinay tibb mərkəzi ilə əməkdaşlıq edərək onkoloji xəstəliklərlə bağlı məlumatlar verib. “Watson” həmçinin “Citigroup” şirkətində və çağırış mərkəzlərində tətbiq edilərək orada maliyyə məsləhətçisi rolunda (səhmlərin müstəqil şəkildə satılması istisna olmaqla) çıxış edib: kompüter bank müştərilərinə pensiya və əmanət yığımlarının incəliklərini, mobil rabitə operatorlarının müştərilərinə isə xidmətə neçə qoşulmağı və ya hesabı necə ödəməyi izah edib.   

“IBM” mütəxəssisləri sistemin hazırlanmasına dörd ildən çox vaxt sərf ediblər. Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir. 2 800 nüvə üzərində işləyən “Watson”un prosessorunun operativ yaddaşı 16 terabayt təşkil edir.   

Superkompüterin ən mürəkkəb proqramlarından biri adi dildə daxil edilən sualları emal edən “DeepQA” proqramıdır. Məhz insan cümləsinin başa düşülməsi “Watson”u yalnız əsas sözlərə cavab kimi nəticələr göstərən adi axtarış sistemindən fərqləndirir.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL