AzScienceNet elm kompyuter şəbəkəsinin İdarəetmə Şurasının növbəti iclası keçirilib
AMEA İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet elm kompyuter şəbəkəsinin İdarəetmə Şurasının növbəti iclası keçirilib.
İclasda TERENA-nın iyun ayında İstanbulda (Türkiyə) keçirilən seminarlarında İTİ əməkdaşlarının iştirakı, AzScienceNet şəbəkəsi istifadəçilərinin kompyuterləri üçün vahid verilənlər bazası əsasında reyestr sisteminin yaradılması, monitorinq sisteminin təkmilləşdirilməsi, Verilənlərin emalı mərkəzinin yaradılması üzrə görülən işlər, AzScienceNet şəbəkəsində Eduroam xidmətinin təşkili, AzScienceNet şəbəkəsində spamlara qarşı mübarizə yollarının müəyyənləşdirilməsi, elmi kadr hazırlığı və digər məsələlər müzakirə olunub.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Avstriyanın Qrats şəhərində BMT-nin Kosmos işləri üzrə ofisi, Avropa Kosmik Agentliyi və Avstriya hökuməti tərəfindən təşkil olunmuş “Davamlı inkişaf naminə kiçik peyk proqramları” mövzusunda keçirilən beynəlxalq simpoziumun fəaliyyəti və nəticələri haqda məruzə ilə çıxış edib.
Professor peyk texnologiyalarının müxtəlif aspektlərinin beynəlxalq səviyyədə tənzimlənməsi, peyk texnologiyaları ilə bağlı təhlükəsizlik və maliyyə məsələləri, dayanıqlı inkişaf üçün kiçik ölçülü peyk proqramlar, milli kosmik proqramlar və s. haqda söhbət açıb.
İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov AzScienceNet şəbəkəsində korporativ e-poçt xidmətinin keyfiyyətini yüksəltmək məqsədilə yaradılan yeni proqram təminatı haqqında məlumat verib.
Bildirib ki, viruslara və spamlara qarşı daimi mübarizə aparmaq üçün “SpamTitan” proqram təminatı AzScienceNet mütəxəssisləri tərəfindən testdən keçirilib və hazırda istifadəçilərə xidmət göstərir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL