waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 9 ayın yekunlarına dair müşavirə keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) cari ilin 9 ayının yekunlarına dair müşavirə keçirilib. İclasda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nazir müavinləri, müşavirlər, şöbə müdirləri, tabeli qurum və müəssisələrin rəhbərləri iştirak edib, bir çox qurumlarla canlı videokonfrans əlaqəsi yaradılıb.
 
Müşavirəni açıq elan edən nazir Ramin Quluzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında proqram xarakterli nitqindən irəli gələn vəzifələr barədə danışaraq, qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin üzərinə daha böyük vəzifə və öhdəliklərin düşdüyünü qeyd edib.
 
Nazir ölkədə  aparılan uğurlu iqtisadi islahatlar fonunda rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən işlərdən danışıb. Əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi, sahə üzrə inkişafın dayanığlığı və davamlılığının təmin edilməsi üçün qarşıda duran əsas prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.
 
Müşavirədə ötən 9 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.
 
Məruzə ilə çıxış edən nazirin birinci müavini Əli Abdullayev bildirib ki, cari ilin 9 ayı ərzində nazirliyin, o cümlədən tabeli qurum və müəssisələrin fəaliyyətinin səmərəliliyinin, infrastrukturunun təkmilləşdirilməsi, öhdəliklərin icra olunması, maliyyə intizamının gücləndirilməsi, əldə olunan gəlirlərin həcminin artırılması və  əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində davamlı işlər görülüb.
 
Bu işlər nəticəsində, rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 1,2 milyard manata çatıb, gəlirlərin Ümumi Daxili Məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda payı isə 3,7 faiz təşkil edib.
 
Nazirin birinci müavini həyata keçirilən islahatlar nəticəsində nazirlik üzrə rabitə xidmətlərinin bir mərkəzdən göstərilməsi məqsədi ilə "şəbəkə" mərkəzlərinin yaradılmasına başlanıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu mərkəz vasitəsi ilə, nazirlik tərəfindən həyata keçirilən xidmətlərin vahid bir mərkəzdən  göstərilməsi nəzərdə tutulur ki, bu da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən rahat istifadəsinə geniş imkanlar yaradacaq.
 
Sonra məruzə ətrafında nazirliyin bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə edilib.
 
"Azİntelecom" MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, "Aztelekom" MMC, "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi, "Azərkosmos" ASC-nin rəhbərləri müəssisələrin fəaliyyəti, həyata keçirdiyi işlər və gələcək planları barədə təqdimatla çıxış edib.
 
Müşavirənin sonunda nazir Ramin Quluzadə ölkə başçısının müəyyən etdiyi sosial-iqtisadi siyasətin İKT sahəsində uğurlu icrası üçün bütün zəruri addımların atılmasının vacibliyini vurğulayıb. Nazirliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı vacib istiqamətləri önə çəkən nazir sektorun inkişafı üzrə tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılmasını qurum və müəssisələr qarşısında tələb kimi irəli sürüb. Nazir müəssisələrə fəaliyyətlərində olan çatışmazlıqların cari ilin sonunadək aradan qaldırılması ilə bağlı göstəriş verib.  






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL