LEO APOTEKER: Təcrübəli mütəxəssisin “Silikon Vadisi”ndəki uğursuzluğu
Doğum tarixi : 1953-cü il sentyabrın 18-i,
Doğum yeri: Almaniya, Aahen
Təhsili: İvrit Universiteti
Fəaliyyət növü: biznes
Leo Apotekerin valideynləri Polşa yəhudilərindəndir. Onlar II Dünya müharibəsi zamanı nasistlərin Polşanı işğal etməsi ilə Rusiya-Çin sərhədinə qaçır, müharibə qurtardıqdan sonra Almaniyanın Aahen şəhərinə gəlirlər. Leo 1953-cü ilin sentyabr ayının 18-də burada anadan olur.
Sonra isə Belçikaya köçürlər. 18 yaşı olanda İsrailə gəlir və Yerusəlimdə yerləşən İvrit Universitetində iqtisadiyyat və beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alır. O, ingilis, alman, fransız, holland və ivrit dillərində sərbəst danışır.
Apoteker 1988-ci ildən başlayaraq 20 il fəaliyyət göstərdiyi “SAP” şirkətində işləməmişdən əvvəl bir sıra Avropa şirkətlərində mühüm postlar tutub.
Apoteker şirkətin direktoru kimi fəaliyyət göstərənə qədər, “SAP Fransa” və “SAP Belçika”nın rəhbəri (1995-1997), “SAP”-ın Qərbi Avropanın cənub hissəsinə aid bölməsinin prezidenti (1997-1999), Avropa, Yaxın Şərq və Afrika üzrə bölmə rəhbəri (1999-2002), “SAP AG”-ın idarə heyətinin üzvü, qlobal müştəri həlləri və əməliyyatlar üzrə prezident (2002-2007) və icraçı direktorun müavini (2007-2008) vəzifələrində çalışıb.
Apoteker 2007-ci ilin 5 dekabrında Fransa iqtisadiyyatına verdiyi töhfələrə görə “Fransanın Fəxri Legionu” ordeni ilə təltif olunub.
O, “SAP”-ın Fransa bölməsinin yaradıcısı və icraçı direktoru kimi rəqabət imkanlarını artırması və sənayeyə yeniliklər gətirməsində mühüm rol oynamışdır.
Apoteker 2010-cu ilin sentyabr ayının 30-da “HP” kompaniyasının Direktorlar Şurası tərəfindən elan olunan seçki əsasında şirkətin icraçı direktoru və prezidenti vəzifəsinə seçilib və noyabr ayının 1-dən etibarən vəzifəsini icra etməyə başlayıb.
Son aylarda “Hewlett-Packard” şirkətinin Direktorlar Şurasının bəzi investor və üzvləri şirkətin indiki vəziyyətindən, həmçinin Apoteker tərəfindən irəli sürülən kompleks yenidən strukturlaşdırma proqramından narazı idilər.
Avqust ayında “HP” şirkəti aşağı tələbata görə “TouchPad” planşetlərinin və “webOS” mobil əməliyyat sistemi ilə işləyən smartfonların satışlarını tamamilə dayandırmaq niyyətini elan etdi. Bundan başqa, fərdi kompyuterlərlə məşğul olan “Personal Systems Group” (PSG) bölməsini əsaslı şəkildə yenidən təşkil etmək planlaşdırılırdı.
Qeyd edək ki, onun “HP” şirkətinə rəhbərlik etdiyi 1 il ərzində şirkətin səhmləri 40% aşağı düşüb. Apoteker bildirirdi ki, “HP”-də iqtisadi tənəzzülün qarşısını almaq üçün şirkət artıq yüksək texnoloji avadanlıqların alınmasına da ehtiyatla yanaşır.
Apoteker şirkətin əvvəlki iqtisadi mövqeyini bərpa etmək üçün bir sıra qabaqlayıcı tədbirlər həyata keçiməyə başlamışdı və ümid edirdi ki, “HP”-nin əvvəlki iqtisadi resurslarını bərpa etməyə nail olacaq.
Lakin Apoteker şirkətin iqtisadi artımını təmin etmək haqqında olan fikirlərini reallaşdıra bilmədən 2011-ci ilin 22 sentyabrında vəzifəsindən uzaqlaşdırıldı.
“HP” şirkətinin Apotekerin rəhbərliyi dövründə iqtisadi geriləməsi çoxlarını təəccübləndirdi. Çünki o, kifayət qədər təcrübəli, peşəkar mütəxəssis və biznesmen olaraq tanınır.
Təsadüfi deyil ki, “Hewlett Packard”-ın Direktorlar Şurasının rəhbəri Robert Rayan onun texnoloji yeniliklər, müştəri xidməti və komandada işləmə sahəsində qabiliyyətini vurğulayaraq deyirdi: “O, bizim icraçı direktorda görmək istədiyimiz keyfiyyətləri özündə əks etdirir”.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL