waplog

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” Əlaqələndirmə Şurasının ilk iclası keçirilib


Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın Əlaqələndirmə Şurasının ilk iclası keçirilib.

 

Dövlət Proqramının icrasına məsul olan nazirlik, komitə, agentlik və digər qurumların səlahiyyətli nümayəndələrinin iştirak etdiyi iclasda Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunub.

 

İclasda çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, Əlaqələndirmə Şurasının sədri Əli Abdullayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən İKT sahəsinin inkişafına göstərilən diqqət və qayğı barədə məlumat verib. Ə.Abdullayev qəbul olunmuş Dövlət Proqramının ölkədə İKT-nin inkişafına və onun imkanlarından istifadənin genişləndirilməsinə xidmət etdiyini bildirib. O, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əhəmiyyətini qeyd edərək, onların vaxtında və keyfiyyətlə icra olunmasının vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Nazirin birinci müavini bu məqsədlə RYTN-də daxili tədbirlər planının hazırlandığını vurğulayaraq qeyd edib ki, hər bir qurum tərəfindən müvafiq planın hazırlanması və təsdiq olunması məqsədəuyğundur.

 

Daha sonra iclasda qarşıda duran vəzifələr və görüləcək konkret işlər barədə geniş fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul olunub. Dövlət Proqramının icrasına məsul olan qurumlar tərəfindən həyata keçirilən işlər haqda məlumatların mütəmadi olaraq Əlaqələndirmə Şurasının Katibliyinə təqdim olunması və katiblikdə müvafiq arxivin yaradılması qərara alınıb.

 

Qeyd edək ki, ölkəmizdə informasiya cəmiyyətinin genişləndirilməsi məqsədi ilə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul edilib. Strategiyada qarşıya qoyulan əsas məqsəd və vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.

 

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib. Əlaqələndirməni həyata keçirmək məqsədilə nazirliyin əmri ilə Dövlət Proqramının icrasına məsul olan qurumların nümayəndələrindən ibarət Əlaqələndirmə Şurası yaradılıb.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL