İşıq axınını tənzimləyən və günəş batareyaları kimi istifadə edilən yeni "ağıllı" pəncərələr təqdim edilib
Günbəgün "ağıllı" qurğuların sayı artır. 3-4 il bundan əvvəl "ağıllı" saatlar ekzotik əşya kimi qəbul edilirdi, indi isə hər ikinci adam ondan istifadə edir. Vaxt keçdikcə bizi əhatə edən əşyalar internetə qoşulur, son illər ərzində “ağıllı” ev pəncərələri də yaradılıb və bu proses paralel şəkildə iki müxtəlif yolla inkişaf etdirilib: mütəxəssislər bir tərəfdən pəncərələri şəffaflıq tənzimləyicisi və informasiyanın göstərilməsi üçün ekranla təchiz ediblər, digər tərəfdən, pəncərələrdən günəş batareyaları kimi istifadə ediblər ki, nəticədə şüşə çox tündləşib. Amma bu yaxınlarda Cremi Mondeyanın rəhbərliyi altında işləyən alimlər qrupu hər iki texnologiyanı birləşdirməyə müvəffəq olub.
“ICTnews” Elektron Xəbər Xidməti “http://hi-news.ru” saytına istinadən yazır ki, yeni nəsil pəncərələr üç qatdan ibarət kifayət qədər mürəkkəb struktura malikdir. Kənar qatlar günəş batareyalarının istehsalında tətbiq edilən amorf silisium materialından ibarətdir. Hər bir qatın qalınlığı 13 nanometrdir. Amorf silisium qatları arasında yerləşən maye kristallar qatışığı "adi" vəziyyətdə işığı yayaraq içəri keçməyə imkan vermir, beləliklə, pəncərə qeyri-şəffaf olur. Aktiv vəziyyətdə isə kristallar öz xüsusiyyətlərini dəyişərək pəncərəni şəffaf hala gətirir.