Kanadalı istehsalçılar bükülən “3D” smartfon prototipini yaratmağa müvəffəq olublar ki, bu da virtual reallığı ovucun içində hiss etməyə imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, “HoloFlex” adlandırılmış yeni smartfon prototipi Kinqstonda yerləşən “Human Media Lab” laboratoriyasında hazırlanıb. “HoloFlex” tərəfindən göstərilən təsvirlər dərinliyə malik olduğundan adi şəkil üçölçülü kimi görsənir. Sözügedən effektin reallaşması üçün eynək tələb olunmur, bütün bu optik möcüzə “OLED” ekranda baş verir.
Təsvirin ekranda göstərilməsi “3D” printerdə çap edilmiş əyriliyə malik mikrolinzalar massivi vasitəsilə həyata keçirilir. Bu texnologiya “3D” təsvirlərin yüksək təsvir ölçüsünü təmin etmək vəziyyətində deyil, təsvir ölçüsü 160 x 104 pikseldir.
İstifadəçi ekranı, sadəcə, bükməklə təsvirin dərinliyini istədiyi kimi tənzimləyə bilər. Bundan başqa, ekranda göstərilən obyektləri yaxınlaşdırmaq olar və hətta onları redaktə etmək mümkündür. Məşhur “Angry Birds” oyununu ekranı bükməklə idarə etmək mümkündür.
Hələ ki kütləvi istehsal barədə məlumat yoxdur, amma yenilik “3D” sahəsində böyük perspektivlər açır.