waplog

“Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” adlı müsabiqənin qalibləri elan edilib


"Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində "Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi" adlı müsabiqənin yekunlarına həsr olunmuş seminar keçirilib.
 
Seminarda çıxış edən "Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov layihənin məqsədindən çöz açıb. 
 
R.Rüstəmov qeyd edib ki, əsas məqsəd "Azersky" peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir: "Müsabiqə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlardan ümumilikdə 12 layihə təklif təqdim edilib. Bu layihələrdən yalnız 3-ü müsabiqənin şərtlərini qismən ödədiyi və ya daha əvvəl həyata keçirilmiş layihələr olması səbəbindən kənarda saxlanılıb. 9 layihə isə qalib layihələr olaraq seçilib. Layihələrin uğurla yerinə yetirilməsi bizim üçün çox əhəmiyyətlidir. Hesab edirik ki, bu layihələri həyata keçirdikdən sonra həmin layihələr müvafiq dövlət qurumları üçün çox gözəl nümunə olacaq."  
 
Sədr müavini böyük risk tələb edən ekspedisiyalar zamanı peyk  təsvirlərinin daha geniş imkanlar yarada biləcəyini qeyd edib: "Bu gün Azərbaycanın böyük həcmdə resursları işğal olunmuş torpaqlarımızda kütləvi şəkildə talan olunur. Bizim ora əlimiz çatmır və əlimiz çatan yeganə vasitələr məhz peyk təsvirləridir. Həmin təsvirlər üzərindən monitorinqlər aparmaq mümkündür. Biz istərdik ki, artıq "Azərkosmos"a elm təşkilatları, tədqiqatçılar da qoşulsunlar və ölkəmizin gələcək inkişafı naminə səylərimizi birləşdirək."
  
"Azərsky" kommersiya qrupunun rəhbəri İslam Əlizadə isə "Azərkosmos" ASC və "Azersky" haqqında təqdimatla çıxış edib, Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" tərəfindən təqdim olunan xidmət və məhsullar haqda ətraflı məlumat verib.
 
"Azersky" peykinin təsvirlərinin emalı qrupunun rəhbəri Aqil Əhmədov isə layihələrin qiymətləndirilməsinə dair yekun təqdimatla çıxış edib. Qeyd edib ki, müsabiqəyə təqdim edilən layihələr əsas 3 meyar üzərindən - ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması; Yer səthinin məsafədən müşahidəsi sahəsində yeni təşəbbüs olması və innovativlik meyarlarına əsasən qiymətləndirilib.

A.Əhmədov qeyd edib ki, təqdim olunan təkliflərdən qiymətləndirmənin bütün meyarlarına tam cavab verən dörd təklif qalib seçilib.

Bununla yanaşı, müsabiqənin qalibi olmayan, lakin maraq doğuran bir sıra digər layihələr də həvəsləndirici yerlərlə təltif ediliblər.
 
İştirakçılar adından çıxış edən "Datum" MMC-nin baş direktoru Camal İsmayılov "Filiz yataqlarının öyrənilməsində və tədqiqində multispektral peyk təsvirlərinin tətbiqi" layihəsi haqda təqdimatla çıxış edib.
 
İştirakçıların sorğusuna əsasən, "Azersky" peyki  vasitəsilə əldə olunan təsvirlər tədbir zamanı qaliblərə və həvəsləndirici yerlərin sahiblərinə təmənnasız təqdim olunub. Tədbirin sonunda "Azərkosmos" ASC  ilə layihə icraçıları arasında "İctimai proqram çərçivəsində Texniki Qiymətləndirmə Sazişi" bağlanılıb. Sazişi layihə qalibləri və "Azərkosmos" ASC-də sədr müavini Rövşən Rüstəmov imzalayıb.
 
Qeyd edək ki, müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti altı ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək və daha sonra əldə olunmuş elmi nəticələr ictimaiyyətə açıqlanacaq.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL