2017-ci ildə planet əhalisinin 44 faizi smartfondan istifadə edəcək
“Strategy Analytics” tədqiqat şirkəti araşdırma apararaq 2016-2022-ci illər ərzində dünyada smartfon istifadəçilərinin sayının 58 faiz artacağını açıqlayıb. Dünya əhalisi arasında smartfonların nüfuzetmə səviyyəsinin 2016-cı ildə 39 faiz təşkil edəcəyi, 2017-ci ildə 44 faizədək artacağı gözlənilir. Həmçinin hesabat dövründə göstəricinin 59 faizə yüksələcəyi proqnozlaşdırılır.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm`” resursuna istinadən yazır ki, coğrafi baxımdan smartfonların tətbiqində lider mövqeləri inkişaf etmiş bazarlar - Şimali Amerika və Qərbi Avropa qoruyacaq. Eyni zamanda smartfonların yayılmasında zəif artım tempi Mərkəzi və Cənubi Amerikanın, eləcə də Asiya-Sakit okean regionunun inkişaf etməkdə olan bazarlarında müşahidə ediləcək. Smartfonlardan istifadənin genişlənməsində ən zəif artım Afrika və Yaxın Şərq ölkələrində qeydə alınacaq.
Məlumata görə, bir müddət əvvəl şirkət ekspertləri bildiriblər ki, 2016-cı ildə dünyada istifadə edilən smartfonların sayı 13 faiz artaraq 3 milyard qurğu göstəricisinə çatacaq. Növbəti 4 milyardlıq qurğu göstəricisinə 2020-ci ildə nail olunacağı bildirilib. Həmçinin qeyd edilib ki, dünyada ən çox tələbat “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulara olaraq qalır, populyarlığına görə ikinci yeri “Apple iOS” platforması tutur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL