İlk universal “5G” modemi yaradılıb
Beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) qlobal istifadəyə verilməsinə bir neçə il qalmasına baxmayaraq şirkətlər bu hadisəyə hazırlaşaraq çoxsaylı sınaqlar keçirirlər. Belə ki, "Intel" şirkəti "CES 2017" istehlak elektronikası sərgisi çərçivəsində bütün dünyada işləyə bilən ilk "5G" modemini təqdim edib. Yeni qurğunun "5G" şəbəkəsinin inkişafının və istifadəyə verilməsinin sürətləndirilməsinə xidmət edəcəyi bildirilir. Lakin modemin başlıca xüsusiyyəti mövcud texnologiyalarla yüksək buraxılış qabiliyyətini və az yubanmanı təmin etməsidir.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Intel" şirkətinin korporativ vitse-prezidenti Aişə Evansın sözlərinə görə, "5G" internetə maneəsiz qoşulma, massiv hesablama gücü və "bulud"da saxlanılan məlumat və analitikadan istifadə yolu ilə milyardlarla qurğunu "ağıllı" qurğuya çevirməyə imkan verəcək. "Həmçinin "5G" həyatımızı və ətrafımızda olanları dəyişəcək. Texnologiya fiziki və rəqəmli dünya arasında sərhədləri aradan qaldıraraq bizə yeni təəssürat və faydalı imkanlar təqdim edəcək", - o qeyd edib.
Məlumata görə, modem 6 QHs tezliklərindən aşağı və millimetrlik dalğalar diapazonunda işləməyə imkan verən yeni "5G" qəbuledici-ötürücü ilə təchiz edilib. Birləşməyə "3GPP 5G NR" texnologiyası daxildir ki, bu da az yubanmanı, qabaqcıl kodlaşdırma proqramlarını, daha sürətli qoşulmanı və ultrahəssaslığı təmin edir. Hazırda ABŞ istehsalçısının məqsədi əvvəlki sınaqları dəstəkləmək və "3GPP NR" spesifikasiyalı məhsulların inkişafını sürətləndirməyə imkan verən əsası yaratmaqdan ibarətdir. Bunun "3GPP 5G" standartının qlobal tətbiqinin daha da sürətləndirilməsinə xidmət edəcəyi qeyd olunur.
Bildirilir ki, bu gün operatorlar qarşısında duran əsas vəzifələrdən biri istehlakçıların buraxılış qabiliyyəti və internet sürəti üçün tələbatları ilə ayaqlaşmaqdır. "Intel" şirkətinin yeni "5G" modemi istifadəçilərin tələbatlarına cavab verə bilən yeni qurğular üçün əsas yaradır. Qurğu ABŞ, Avropa, Cənubi Koreya və Yaponiya daxil olmaqla bütün dünyada "5G" şəbəkəsindən istifadəni təmin edəcək.
Şirkət yeni modemin sınaq nümunələrinin istehsalına bu ilin ikinci rübündə başlamağı planlaşdırır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL