Süni intellekt yollarda qəzaların qarşısını alacaq
Las-Veqasda keçirilən “CES-2017” istehlak elektronikası sərgisində “Toyota” şirkəti yol nəqliyyat hadisələrinin sayının azaldılması üçün nəzərdə tutulan “Concept-i” avtonom avtomobil prototipini nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, Yaponiya istehsalçısı sürücülərə kömək üçün “Yui” (“mehriban ünsiyyət”) süni intellekt interfeysini hazırlayıb. Bu məqsədlə “Concept-i” “Sürücü” və “Mühafizəçi” adlanan iki elektron sürücü köməkçisinə malikdir. Onların hər ikisi yoldakı vəziyyətə nəzarət edərək zərurət yarandıqda qəzanın qarşısını almağa kömək üçün avtomobilin idarəetmə prosesinə müdaxilə edir. Bu, mahiyyət etibarilə süni intellektlə idarə edilən və öz-özünə öyrənmə funksiyalı adi təhlükəsizlik sistemi dəstidir.
“Yui” sistemi sürücünün vərdişlərini və nəyə daha çox üstünlük verməsini yadda saxlayaraq onlara uyğun işləyir. İnterfeys daha yaxşı səfər marşrutlarını əvvəlcədən müəyyənləşdirir, iqlim və musiqini qurur. “Concept-i” faralarla ətrafdakı insanlara göz vura və siqnalları bortda yazılarla təkrarlayaraq göstərə bilir.