waplog

Ən böyük smartfon bazarında “iPhone”un payı ilk dəfə azalıb


“Apple” şirkəti dünyanın ən böyük smartfon bazarı olan Çin bazarında liderliyini itirərək ən yaxşı istehsalçılar üçlüyünə daxil ola bilməyib. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, tədqiqatçıların hesablamalarına görə, 2016-cı ilin dördüncü rübündə Çində smartfonların tədarükü 135,7 milyon ədədə çataraq ötən ilin analoji dövrü ilə müqayisədə 19 faiz artıb. Ötən ilin yekunları üzrə bazarda 3 faiz artım qeydə alınıb, yerli istehsalçıların payı isə 2015-ci ildəki 46 faizdən 57 faizədək yüksəlib.

Hesabata görə, 2016-cı ildə ölkədə “iPhone” smartfonlarının tədarükü tarixdə ilk dəfə azalıb. Ötən ilin oktyabr-dekabrında azalmanın 12,8 faiz təşkil etməsi nəticəsində “Apple” Çin bazarında ən böyük smartfon tədarükçüləri siyahısında birinci yerdən dördüncü yerə enib. Qara rəngli “iPhone”lar istehlakçıların diqqətini cəlb etsə də, yeni istehsal xəttindən olan “Apple” telefonları əvvəlkilərdən az populyarlıq qazanıb.

Çin smartfonlar bazarında liderliyi ölkədə smartfonların tədarük həcmini iki dəfə artıran yerli “Oppo” şirkəti ələ keçirib. Liderlər üçlüyündə, həmçinin Çinin “Huawei” və “Vivo” şirkətləri yer alıb. Çin istehsalçılarının yüksək fəallığına baxmayaraq onların “Apple”ın Çində bazar payını əhəmiyyətli dərəcədə azalda bilməyəcəkləri vurğulanır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL