BTRİB telefon xidmətləri üzrə “öncədən ödəmə” sistemini tətbiq edir
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) sabit (stasionar) telefon xidməti üçün "öncədən ödəmə" sisteminin tətbiqinə başlayıb.
"Öncədən ödəmə" sistemi göstərilən xidmətlərə görə sonradan ödəniş edən abunəçilərin debitor borcunun yaranmasının qarşısını alacaq, müvafiq qaydada öncədən ödənilən məbləğə uyğun xidmətin verilməsini təmin edəcək. Bu da müxtəlif səbəblərdən ünvanı tərk edən və ya abunə haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracaq.
Artıq, cari ilin 1 mart tarixindən etibarən sabit (stasionar) telefon istifadəçiləri hər ayın 5-dək telefon borcunu öncədən ödəməli olacaqlar. Ödəniş edilmədiyi təqdirdə, ayın 6-dan etibarən 101, 102, 103 və 112 qısa nömrələrə zəng imkanı istisna olmaqla, xidmət birtərəfli qaydada dayandırılacaq və abunəçilər yalnız daxil olan zəngləri qəbul edə biləcəklər. Sonrakı bir ay ərzində borc ödənilmədiyi halda, abunəçiyə əlavə borc yazlmaması üçün telefon şəbəkədən çıxarılacaqdır.
Şəbəkədən çıxarıldıqdan sonra, iki ay ərzində (borcun yaranmasından 4 ay) abunəçi iki ayın abunə və istifadə edilmiş xidmətlərin haqqını ödəyərək telefon xidmətini bərpa edə bilər. Əks halda, onunla bağlanan müqaviləyə xitam veriləcək. Əgər abunəçi telefon xidməti üçün müraciət edərsə, telefon çəkilişi tarifinə uyğun olaraq ödəniş (30 manat) etməli olacaqdır.
Onu da qeyd edək ki, müqaviləyə xitam verilməsindən sonra 2 ay ərzində nömrə digər abunəçilərə satılmır, yəni həmin müddətdə yenidən müraciət edən abunəçi əvvəlki nömrəsini əldə edə bilər. Beləliklə, BTRİB abunə haqqını ödəməyən abunəçiyə yarım il müddətində 2 aylıq abunə haqqını və istifadə etdiyi xidmətlərə görə ödəniş edərək telefondan yenidən istifadə imkanı yaradır.
Məlumat üçün bildirək ki, BTRİB 2016-cı ilin noyabr ayından internet və İPTV xidmətləri üçün "Öncədən ödəmə" sistemini tətbiq edir.
Telefon, internet və İPTV xidmətləri üzrə aylıq abunə haqlarını onlayn və ödəmə terminalları vasitəsi ilə ödəmək mümkündür.
Qeyd edək ki, BTRİB dövlət və idarəetmə orqanlarını, fiziki və hüquqi şəxsləri stasionar, CDMA, İP telefon rabitəsi xidmətləri ilə təmin edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL