İllinoys Universitetinin alimləri tərəfindən kənd təsərrüfatına kömək məqsədilə hazırlanmış robot inspektor bitkilərin araşdırılması kimi uzun və yorucu prosesi öz üzərinə götürəcək.
Fenotipləşdirmə – bu, bitkinin fiziki xarakteristikalarının müşahidəsi zamanı onun vəziyyətini qiymətləndirməyə imkan verən prosesdir. Belə müşahidələr əsasən insanlar tərəfindən aparılır və bütöv torpaq sahəsini yoxlamaq gərəkdiyi halda bu proses çox uzana bilər. Bu səbəbdən İllinoys Universitetindən olan mütəxəssislər komandası robot inspektor hazırlayıblar. Bu robot torpaq sahəsində hərəkət edərək bitkilərin vəziyyətini müşahidə edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, yarım avtomatik qurğu kompüter vasitəsilə “GPS” texnologiyasının köməyi ilə idarə edilir. Robota qurulmuş tırtıl əksər maneələri dəf etməyə imkan verir.
Kənd təsərrüfatı robotu hiperspektral və istilik kameraları, həmçinin hava monitorları və impulslu lazer skanerləri daxil olmaqla sensorlarla təchiz edilib. Qurulmuş sensorlar robota gövdənin diametri, bitkinin hündürlüyü və yarpağın sahəsi kimi məlumatları toplamağa imkan verir.
Robot tərəfindən toplanılmış informasiya daxili kompüterdə saxlanılır. Bundan sonra məlumatlar hər bir bitkinin “3D” modelinin yaradılmasında istifadə edilə bilər.