“AzInTelecom” “GoldenPay” şirkəti ilə əməkdaşlığa başlayır
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC yerli onlayn ödənişlər bazarında ən böyük şirkət olan “GoldenPay” ASC ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “AzInTelecom” istifadəyə verilmiş TIER III və İSO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində “bulud” texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (IaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edir.
Artıq bu həllər yerli və xarici şirkətlərin marağını özünə cəlb etməyə başlayıb. Belə ki, Azərbaycanın onlayn ödənişlər şirkəti olan “GoldenPay” özünün “www.hesab.az” ödəniş portalının “AzInTelecom”un Data Mərkəzində yerləşdirilməsi haqqında razılığa gəlib.
Müqaviləyə əsasən, kənardan daxil olan kibertəhdidlərin qarşısının alınması, məlumatlar bazasının mühafizəsi, məlumat itkisi ilə bağlı risklərin minimuma endirilməsi və informasiya təhlükəsizliyi təmin ediləcək.
Bundan əlavə, hazırkı müqavilə ilə “GoldenPay” texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən etibarlı infrastruktur əldə edəcək. Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaqdır.
Hazırda müştərilərinə 100-dən artıq xidmət təklif edən “www.hesab.az” Azərbaycan bazarında onlayn ödənişlər üçün ən etibarlı platforma olaraq tanınır. Yüz minlərlə insan bu xidmətlərdən müntəzəm olaraq istifadə edir və bu rəqəm hər gün artmaqdadır. Əsas hədəfi bütün onlayn ödənişlərin icra edildiyi vahid platformaya çevrilmək olan “GoldenPay” bütün əməliyyatları şifrləmək və məlumatların təhlükəsizliyini təmin etmək üçün onlayn əməliyyatların şifrlənməsi sahəsində dünya lideri olan “GeoTrust”-dan istifadə edir.
”Onlayn əməliyyatların sayı bu qədər yüksək olduğu üçün mübadilə olunan məlumatların təhlükəsizliyi və məxfiliyi əsas şərtdir. Həssas məlumatların təhlükəsiz yerdə qorunub-saxlanması şirkətimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, “GoldenPay”ın “AzInTelecom” ilə əməkdaşlıq etməsi heç də təsadüfi deyil” - deyə “GoldenPay” şirkətinin nümayəndəsi qeyd edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL