“Google Jamboard” yaradıcılıq üçün fiziki və rəqəmli sahəni birləşdirəcək
2015-ci ilin əvvəlində “Microsoft” korporasiyası korporativ istifadəçilər üçün “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 84 düymlü “4K” formatlı monoblok kompüter təqdim edib. “Google” şirkəti isə ötən ilin oktyabrında alternativ kimi oxşar “Jamboard” qurğusunu nümayiş etdirib. O vaxtdan qurğu barədə məlumat verilməsə də, keçirilmiş “Google Cloud Next” tədbirində şirkət onun qiymətini və satışa çıxarılma vaxtını açıqlayıb. Qiyməti 4 999 dollar təşkil edən “Google Jamboard” kompüteri üçün illik xidmət haqqı 600 dollara bərabərdir.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Google” nümayəndələri bəyan ediblər ki, “Jamboard” yaradıcılıq üçün fiziki və rəqəmli sahəni birləşdirən hibriddir. Kompüter sensorlu daxiletməni dəstəkləyən 55 düym diaqonallı “4K” formatlı ekranla təchiz edilib. Qurğuda fayllarda edilən bütün dəyişikliklər dərhal “bulud”da saxlanılır ki, bu da istifadəçilərə sonradan yenilənmiş sənədləri smartfon, planşet və ya noutbuklarda açaraq işi davam etdirməyə imkan verir. Bundan başqa, konfrans iştirakçıları və ya adi insanlar qurğulardan sənədlərə real vaxt rejimində dəyişikliklər edə bilər.
“Google Jamboard” kompüterinin satışına bu ilin mayında başlamaq nəzərdə tutulur. Qurğu üçün sentyabrın 30-dək sifariş verildiyi təqdirdə birinci il üçün xidmət haqqı 300 dollar təşkil edəcək.
Müqayisə üçün qeyd edək ki, “Microsoft” korporasiyasının diaqonal üzrə eyni ölçüyə malik “Surface Hub” kompüterinin qiyməti 8 999 dollara, 84 düym ekranlı versiyanın isə 21 999 dollara bərabərdir.