waplog

Beynəlxalq Telekommunikasiya İttifaqının yeni mənzil-qərargahının hazırlanması üçün müsabiqə keçirilir


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Cenevrədə (İsveçrə) yerləşən mənzil-qərargahının yeni binasının hazırlanması üçün arxitektura müsabiqəsi keçirir.  

“ICTnews” Elektron Xəbər Xidməti “ITU” resursuna istinadən yazır ki, BTİ-nin mənzil-qərargahı 1962-ci ildən Cenevrədə “Millətlər meydanı”nda (Place des Nations) yerləşir. Yeni layihə sayəsində “ağıllı” mənzil-qərargahın inşası təşkilatın Cenevrədə beynəlxalq təsisatların diqqət mərkəzində olmaqla üzv dövlətlərə, özəl sektorun nümayəndələrinə, assosiativ üzvlərə və akademik təşkilatlara xidmətlərin göstərilməsini gücləndirəcək. Yeni mənzil-qərargahı konfranslar üçün müasir yerlərdən istifadə etməklə əyani və virtual iclaslar üçün forum təqdim edəcək.

Müsabiqədə təşkilata üzv 193 dövlətdən birində tələb olunan qaydada qeydiyyatdan keçən bütün peşəkar arxitektorlar iştirak edə bilər. İki mərhələdən ibarət olacaq müsabiqədə iştirak üçün ərizələr münsiflər heyətinə anonimliyə riayət edilməklə və İsveçrə Mühəndis və Arxitektorlar Cəmiyyətinin (SIA) “SIA-142” standartına uyğun təqdim edilməlidir.

Müsabiqədə iştirak etmək istəyənlər BTİ-nin saytında yerləşdirilən məlumatla tanış ola, layihə və müsabiqədə iştiraka dəvətlə bağlı daha ətraflı informasiyanın verildiyi İsveçrə dövlət satınalmaları platformasında qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat 5 may 2017-ci il tarixinədək aparılır.

Müsabiqə əlaqələndiricisi ilə “itucompetition@bc-a.ch” elektron poçtu vasitəsilə əlaqə yaratmaq olar.

Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL