“Açıq İnnovasiyalar üzrə Startap Turu” öz işini yekunlaşdırdı
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının "Skolkovo" Fondunun təşkilatçılığı ilə Bakıda 17-18 aprel 2017-ci il tarixində ilk dəfə keçirilən "Open Innovations Startup Tour" (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində iki günlük tədbir öz işini yekunlaşdırdı.
"Açıq İnnovasiyalar üzrə Startap Turu"nun əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.
İki günlük tədbirdə Rusiyadan "Skolkovo" texnoparkının nümayəndələri, yerli və beynəlxalq startaplar, biznes qurumlarının təmsilçiləri iştirak ediblər. Tədbir startapçılar, biznes nümayəndələri üçün əlaqələrin yaradılması, təcrübə mübadiləsi üçün əlverişli platforma rolunu oynayıb.
Tədbirin ikinci günü startapçılar qarşısında çıxış edən Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov bildirib ki, bu gün ölkəmiz üçün innovativ ekosistemin inkişafı böyük əhəmiyyət kəsb edir. "Dövlət tərəfindən Azərbaycanda startap hərəkatının inkişafı üçün əlverişli mühitin yaradılmasına lazımi dəstəyi göstərir. Belə ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində intellektual bizneslə məşğul olan innovativ sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. Məhz buna görə biz şadıq ki, bu il "Open Innovations Startup Tour" Azərbaycanda keçirilir. Çünki belə tədbirlər bizə rusiyalı həmkarlarımızın təcrübəsi haqqında məlumat əldə etməyə və yüksək texnologiyalar sahəsində əməkdaşlığı möhkəmləndirməyə imkan verir"- deyə E.Zeynalov qeyd edib.
"Skolkovo" Fondunun elm və təhsil üzrə vitse-prezidenti Nikolay Suetin isə "Open Innovations Startup Tour" Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib.
"İqtisadi baxımdan ölkələrimiz bir-birinə çox bənzəyir: xammal sektorunda nəzərə çarpacaq diqqət müşahidə edilir. Azərbaycan rəhbərliyi iqtisadiyyatı şaxələndirməyə və innovasiyalar sahəsini inkişaf etdirməyə çalışır. Bu səbəbdən "Skolkovo" təcrübəsi burada faydalı olacaq. Bundan başqa, belə əməkdaşlıq bizim startaplar üçün də faydalıdır. Belə ki, əməkdaşlıq onların qarşısında yeni bazarlar və yeni imkanlar açır. Ümid edirəm ki, bizim iki gün ərzində gördüyümüz iş iki dövlət arasında uzunmüddətli və faydalı əməkdaşlıq üçün yaxşı başlanğıc olacaq".
"Açıq İnnovasiyalar üzrə Startap Turu"nun Azərbaycan üzrə qalibi, "Lia" layihəsinin həmmüəllifi Arif Mövsümzadə bu layihə üzərində iki ildir çalışdıqlarını bildirib. O qeyd edib ki, aparıcı mütəxəssislərin ekspert qiymətini almaq çox vacib idi.
"Mentorlar bizə layihəmizi istifadədə daha rahat və rəqabətə davamlı etmək üçün bir sıra dəyərli məsləhət verdilər. "Skolkovo" Fondunun Rusiyadan kənara çıxması çox yaxşı haldır, çünki bu, bizə yeni bazarlara yol açır və xaricdə geniş əlaqələr şəbəkəsi yaratmağa imkan verir".
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL