Qlobal “Microsoft Imagine Cup”- 2017 müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı,"Youth Inc." gənclərin sahibkarlıq proqramının dəstəyi, "Microsoft Azərbaycan" və "Nar Mobile" şirkətlərinin təşkilatçılığı ilə "Microsoft Imagine Cup 2017" irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsi keçirilib.
Cari ildə müsabiqəyə qatılan 27 komandadan 10-u milli seçim turunu uğurla keçərək, finala vəsiqə qazanıb. Müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar öz aralarında yarışıblar.
Şərtlərə əsasən, iştirakçı komandalardan "Microsoft" platforması üzərində innovativ proqram layihəsi, "Microsoft" texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən "Microsoft Windows" platformaları üzərində orijinal oyun hazırlamaq tələb olunub.
Finalda iştirak edən komandalar arasında "Neftçi" ilk yeri tutub, digər üç komanda isə mükafatçılar sırasında yer alıb. Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən təşkil olunan "Neftçi" komandası "Windows Azure" üzərində "Jabda" adlı tətbiq hazırlayıb. Bu həll istifadəçilərə kafe və restoranlarda xoşladıqları musiqini seçmək imkanı verir. İstənilən musiqi janrının seçimi eyni vaxtda bir məkanda olan istifadəçilər tərəfindən əlavənin təklif etdiyi xüsusi xəritə ilə səsvermə vasitəsilə müəyyənləşəcək. Bu tətbiq istifadəçilər üçün pulsuz, məkan sahibləri üçün isə ödənişli olacaq.
Qeyd edək ki, "Microsoft Imagine Cup" innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən, məktəb və universitet tələbələri tərəfindən texniki məhsul və həllərin yaradılmasını sövq edən qlobal müsabiqədir. Müsabiqənin məqsədi Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq və onların əmək bazarının tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün şərait yaratmaqdır. Müsabiqə tam işlək həll və məhsulların yaradılmasını təşviq etməklə tələbələri gələcək biznes mühitə hazırlığı, sərmayə axtarışı və məşğulluq məsələlərinin həlli məqsədləri daşıyır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL