waplog

Dünyada internetin paylanması üçün ilk peyklərin nə vaxt buraxılacağı açıqlanıb


ABŞ-ın “SpaceX” şirkəti xüsusi peyk qrupları vasitəsilə dünyada internetin paylanması üzrə proqramın istifadəyə veriləcəyi vaxtı açıqlayıb. “The Verge” saytı şirkətin vitse-prezidenti Patrisiya Kuperə istinadən məlumat verib ki, Yer orbitində şəbəkənin qurulmasına 2019-cu ildə başlanılacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki,  “SpaceX” 2017-ci ildə orbitə ilk peyk prototipini, 2018-ci ilin əvvəlində isə növbəti belə prototipi buraxmağı planlaşdırır. İlk aparatlar texnologiyaların sınaqları üçün nəzərdə tutulub. Testlərin uğurlu keçəcəyi təqdirdə ilk şəbəkə seqmentləri 2019-cu ildə kosmosa çıxarılacaq.

Məlumata görə, tam gücü ilə 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılan şəbəkə 4425 peykdən ibarət olacaq və şirkətin hesabına qurulacaq yerüstü stansiyalar tərəfindən dəstəklənəcək. “SpaceX” peykləri orbitə öz istehsalı olan “Falcon 9” raketdaşıyıcıları ilə göndərmək niyyətindədir. Bunun xərcləri xeyli azaldacağı və digər təşkilatlardan potensial asılılığı minimuma endirəcəyi bildirilir.

Vitse-prezidentin sözlərinə görə, peyk şəbəkəsi dünyada internetin qoşulması üçün fiziki infrastrukturun qurulması zərurətini aradan qaldıracaq. Şəbəkə istifadəçiləri üçün terminallar noutbuk ölçüsündə, bağlantı sürəti isə kabel qoşulması səviyyəsində olacaq.

“SpaceX” daim peyklər üçün proqram təminatının təkmilləşdirilməsi, eləcə də şəbəkənin müxtəlif dəyişikliklərə uyğunlaşdırılması ilə məşğul olmağa hazırlaşır.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL