“Windows 10 Mobile” üçün “Fluent Design System” sistemi hazırlanır
“Microsoft” korporasiyası “Build 2017” konfransında “Fluent Design System” sisteminin dizaynını nümayiş etdirərək yeniliyin tədricən tətbiq ediləcəyini və onun ilk elementlərinin bir neçə həftə sonra hiss olunacağını açıqlayıb. Korporasiya əsas funksiyaları qeyd edərək fərdi kompüter və planşetlər, “Xbox” oyun qurğusu və “HoloLens” əlavə reallıq eynəyi üçün “FDS” interfeysini təqdim edib. Daha sonra isə yeniliyin “Universal Windows Platform” platforması sayəsində “Windows 10 Mobile” əməliyyat sistemində quraşdırılacağı məlum olub. Bu isə o deməkdir ki, “FDS” interfeysli universal əlavələr fərdi kompüterlərdə olduğu kimi, smartfonlarda da göstəriləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, proqram tərtibatçıları istəklərinə uyğun dəyişikliklər edə bilsələr də, interfeysin əksər elementləri bütün platformalarla uyğunluq təşkil edəcək.
Məlumata görə, həmçinin, “Microsoft”un “Groove Music” və “Movies & TV” kimi mobil əlavələrində “FDS” elementlərinə rast gəlmək mümkündür.
“Fluent Design System” sisteminə tam keçid platformalar üçün növbəti böyük yeniləmənin təqdim ediləcəyi payıza planlaşdırılır.