waplog

Beynəlxalq tənzimləmə informasiya texnologiyalarının inkişafına kömək edəcək


“InfoWatch” şirkətlər qrupunun prezidenti Natalya Kasperskaya mayın 21-23-də informasiya təhlükəsizliyi üzrə Dubayda keçirilən ümumdünya “Gulf Information Security Expo & Conference” (GISEC) forumu çərçivəsində “Əşyalar interneti” (IoT) texnologiyalarının qlobal inkişafı ilə əlaqədar təhlükələr haqqında danışıb.

“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, “ağıllı” şəhərlərin inkişafına həsr edilən müzakirələr zamanı şirkət rəhbəri qeyd edib ki, “IoT” texnologiyalarının müxtəlif protokol, arxitektura və proqram təminatından istifadə etməsi nəticəsində dünyada yüz minlərlə qurğu mühafizədən məhrum olur. Onun sözlərinə görə, belə avadanlığın kibertəhlükəsizliyini izləmək iqtisadi baxımdan sərfəli deyil.

Bundan başqa, proqram tərtibatçıları mümkün kibertəhdidlər barədə pis məlumatlandırılıblar. Fırıldaqçıların hücumu istehsalda sənaye “Əşyalar interneti” obyektlərindən istifadə edən müəssisələr üçün də təhlükə törədir. “Hücumların sxemi müəssisədə insayderin mövcudluğu, virus və ya “DDoS” hücumundan istifadə, eləcə də bu metodların birləşməsi daxil olmaqla müxtəlif şəkildə ola bilər. Adətən fırıldaqçılar konkret təşkilata və ya internet resursuna qarşı hücum etmək üçün eyni anda bir neçə müxtəlif amildən istifadə edirlər”, - Y.Kasperskaya vurğulayıb. O qeyd edib ki, “IoT” əsaslı sistemlərin inkişafına çox ehtiyatla yanaşmaq tövsiyə edilir.  

“Məsələn, bir anlıq “WannaCry” virusu kimi hücumun aeroportun sərnişin axınına nəzarət edən sistemlərini, pasport yoxlanışı xidmətlərini yoluxduraraq sərnişinlər haqqında məlumatları internetə ötürməsini və ya dispetçerlərin istifadə etdiyi naviqasiya sistemini bağlamasını təsəvvür edin. Belə kollaps insanı “ağıllı” şəhərdə əhatə edən müxtəlif sistemlərdə baş verə bilər”, - o əlavə edib.

N.Kasperskaya hesab edir ki, bununla əlaqədar informasiya texnologiyalarının gələcək inkişafı üçün informasiya təhlükəsizliyi ilə bağlı məsələlərin əsaslı şəkildə tənzimlənməsi lazımdır. Bununla informasiya təhlükəsizliyi sahəsində tövsiyələrin formalaşdırılması üzrə beynəlxalq orqan məşğul olmalıdır. Belə təşkilat həm dünya, həm də milli səviyyədə təhlükəsizliyə nəzarət edə biləcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL