Dronla təchiz edilən ilk avtonom mühafizə avtomobili təqdim olunub
Müşahidə xarakterli pilotsuz uçan aparatların və avtonom avtomobillərin yenilik olmamasına baxmayaraq Sinqapurun “Otsaw Digital” şirkəti onları bir texnologiyada birləşdirməyə nail olub. “O-R3” özündə həm yerüstü pilotsuz uçan aparat nəqliyyat vasitəsini, həm də avtonom dronu birləşdirən dünyanın ilk avtonom yerüstü hava mühafizə avtomobilidir.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “O-R3” yoldakı vəziyyəti dinamik şəkildə qiymətləndirməyə və maneələrdən yan keçməyə imkan verən kompüter təlimi alqoritmləri əsasında işləyir. Bununla yanaşı, sistem, məsələn, nəzarətsiz qalmış çantalar kimi obyektləri müəyyənləşdirə bilir. Sistemə, həmçinin insanların və ya nəqliyyat vasitələrinin qadağan olunmuş yerlərdə olmasının identifikasiyası üçün nəzərdə tutulan insan sifətlərinin və nömrə nişanlarının tanınması texnologiyası daxildir.
Məlumata görə, müşahidə avtomobili pilotsuz uçan aparatı platformadan nəqliyyat vasitəsinin arxa hissəsindən irəliyə çıxmaq tələb olunanda işə salınır. Havada pilotsuz aparat şübhəli şəxslərin izlənilməsini avtomobildən 100 metrədək məsafədə həyata keçirir.
Xidmət göstərən işçi heyətinə tələbatı azaltmaq üçün yaradılan sistem bütün günü və istirahət günləri olmadan işləyir. Qeyri-adi hadisələr haqqında məlumatlar idarəetmə mərkəzinə göndərilir və orada qrup tərəfindən emal olunur, eləcə də lazım gəldikdə “O-R3” avtomobilinin idarəetməsi həyata keçirilir. Avtomobil, həmçinin akkumulyatorun enerjisi bitən zaman enerjidoldurma stansiyasına müstəqil şəkildə qayıtmaq imkanına malikdir.
“O-R3” bir sıra sadə problemləri aradan qaldıra bilsə də, şirkət bunun tam avtomatik sistem olmadığını qeyd edir. Vəziyyətin izlənilməsi və maşının qeydə aldığı xəbərdarlıqların qiymətləndirilməsi üçün təcrübəli işçi heyətinə tələbat olaraq qalır.
“Otsaw Digital” şirkəti “O-R3” avtomobilinin Sinqapurda keçirilən “CommunicAsia17” konfransında nümayişini planlaşdırır.