“DJI” şirkəti kompakt “Spark” kvadrokopterini təqdim edib. Başlanğıc qiyməti 499 dollar təşkil edən dron şirkətin istehsal xəttində ən ucuz pilotsuz uçan aparatı hesab edilir. Çəkisi 300 qr olan dronun yığılmış vəziyyətdə uzunluğu 14 sm-ə bərabərdir. Lakin yeni qurğunun başlıca fərqi onun jestlərlə idarə edilməsindədir. Belə ki, digər dronların idarə edilməsi üçün smartfon və ya ayrıca kontrollerdən istifadə tələb olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, “DJI Spark” istifadəçinin hərəkətlərini tanıyaraq onun göstərdiyi istiqamətə uçur. Beləliklə, asanlıqla idarə edilən qurğu “selfie” çəkilişlərini aparmağa imkan verir. Həmçinin, yerə eniş üçün jestlərdən istifadə mümkündür. Videoda pilotsuz uçan aparatın istifadəçinin əlinin içindən qalxaraq sonradan enməsi göstərilib. Drona, həmçinin kontroller qoşmaq, eləcə də idarəetməni proqram vasitəsilə həyata keçirmək olar.
Məlumata görə, 12 meqapikselli kamera ilə təchiz edilən aparatın uçuş sürəti saatda 50 km təşkil edir. Qurğu maneələri “görərək” toqquşmalardan yayınır. Siqnal itən zaman “Spark” qalxma nöqtəsinə qayıdır.
Akkumulyatorun enerjisi 20 km/saat sürətində 16 dəqiqəlik uçuş üçün hesablanıb. Batareyanı USB kabel vasitəsilə portativ akkumulyatorla enerji ilə doldurmaq mümkündür.