Yeni mobil əlavə smartfonu portativ skanerə çevirir
“Adobe” şirkəti smartfon və ya planşeti portativ skanerə çevirən yeni “Adobe Scan” mobil əlavəsini təqdim edib. Proqramı işə salaraq redaktə imkanına malik sənədin rəqəmli surətini yaratmaq üçün kameranı onun üzərinə yönəltmək lazımdır. “Adobe Scan” xüsusilə mühazirə və tapşırıqları tez-tez skan edən tələbələr, eləcə də sənədlərlə işləyən insanlar üçün faydalı olacaq. Əlavə vasitəsilə əllə yazılmış qeydləri, çap edilmiş sənədləri, vizit kartlarını, fotoşəkilləri, kitab və jurnal səhifələrini, elanları və s. PDF formatında saxlamaq mümkün olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, skan edilən bütün təsvirləri “Adobe Document Cloud” vasitəsilə avtomatik sinxronlaşdırmaqla smartfon, planşet və ya fərdi kompüter kimi qurğularda istifadə etmək olar.
Əksər insanlar üçün skan edilmiş sənədlərdə mətnin tanınması və redaktəsi funksiyası gərəkli olacaq. “Acrobat DC” abunəçiləri, həmçinin sənədlərin redaktəsi və qaydasına salınması, imzaların toplanması və s. üçün bir sıra əlavə funksiyalardan yararlanmaq imkanı əldə edəcək.
“Adobe Scan” proqramının əsasını ona sənədlərin kənarlarını avtomatik müəyyənləşdirməyə və skan edilən kontentin keyfiyyətini yaxşılaşdırmağa imkan verən “Adobe Sensei” kompüter təlimi sistemi təşkil edir. Sistem təsviri təmizləyir, perspektivi düzəldir, kölgələri ləğv edir və daha sonra çap mətnin müəyyənləşdirilməsi və dəyişdirilməsi üçün təsvirlərin tanınmasından istifadə edir.
“Adobe Scan” əlavəsini “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün pulsuz yükləmək mümkündür.