waplog

Azərbaycanın İKT tətbiqi Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb


Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrə şəhərində keçirilən "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017" (WSIS) forumunda təmsil olunur.
 
Tədbirdə nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi 8 nəfərlik Azərbaycan nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Azərbaycan İnternet Cəmiyyətinin və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təmsilçiləri daxildir.
 
Forum informasiya cəmiyyətinin inkişafı üzrə müsbət təcrübələrin bölüşdürlməsinə, biliklərin yayılmasına, əməkdaşlığın genişlənməsinə, qabaqcıl inkişaf meyllərinin müəyyənləşdirilməsinə xidmət edir.
 
İyunun 13-də Forumun rəsmi açılışı baş tutub. Plenar hissədə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haolin Jao, BMT-nin digər sahəvi təşkilatlarının rəsmiləri çıxış edib.
 
Yüksək səviyyəli müzakirələrdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
 
Sammit çərçivəsində "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları" müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Belə ki, BTİ tərəfindən cari ilin 30 mart -30 aprel tarixlərində elan edilən müsabiqəyə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları tərəfindən elektron sistemlərə dair layihələr təqdim olunub. Müsabiqədə iştirak edən 345  layihədən 143-ü dövlət sektoruna, 77-si biznes sektoruna, 56-sı vətəndaş cəmiyyətinə və s. aid olub.
 
Ümumilikdə 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə 90 "Çempion layihə" seçilib. Azərbaycandan təqdim olunan layihələrdən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də "İKT Proqramları: E-Məşğulluq" nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və "Çempion layihə"lər sırasında yer alıb.
 
Mükafat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinə təqdim olunub.
 
Bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində ilk dəfə olaraq BTİ-nin mükafatına layiq görülüb.
 
Qeyd edək ki, 3 ilə yaxındır ki, tətbiq edilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət" portalı üzərindən təqdim olunur. Hazırda xidmət portalda ən çox istifadə olunan xidmətlərdən biridir. Belə ki, 450 elektron xidməti özündə əhatə edən "E-hökumət" portalına ötən dövrdə 47,2 milyona yaxın müraciət qeydə alınıb ki, onlardan 7 milyona yaxını və ya 14,6 faizi məhz Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid olub.
 
Forum öz işini iyunun 16-dək davam etdirəcəkdir. Forumda nazirlər toplantısının, çoxsaylı yüksək səviyyəli müzakirələrin və təqdimatların keçirilməsi planlaşdırılır. Azərbaycan nümayəndə heyətinin bu tədbirlərdə fəal iştirakı nəzərdə tutulur.






NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL