waplog

Azərbaycanlı tələbələr beynəlxalq müsabiqədə səmaya peyk buraxmaq hüququ qazanıb


Milli Aviasiya Akademiyasının nəzdində yaradılan "NaaSAT" model peyk komandası Beynəlxalq "CanSat" (Model Peyk) müsabiqəsində növbəti dəfə iştirak edib. Komandanın hazırladığı model peyk ABŞ, Kanada, Hindistan, İran, İtaliya, Meksika, Polşa, Nepal və Türkiyənin qabaqcıl universitetlərinin qatıldığı 87 komanda arasından seçilərək müsabiqənin son mərhələsinə vəsiqə qazanıb.
 
Qeyd edək ki, kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəlmiş Beynəlxalq "CanSat" müsabiqəsi NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS),  Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu, (AIAA) eləcə də, kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il keçirilir.
 
"NaaSAT" komandası peyk modellərinin ilkin (PDR-Preliminary Design Review) və son dizayn baxışı (CDR-Critical Design Review) mərhələlərindən müvəffəqiyyətlə keçib. İlk ən yüksək nəticə göstərən 40 komanda sırasına düşən "NaaSat" komandası finalda model peyki səmaya buraxmaq hüququ qazanıb.  
 
Komanda 11 iyun 2017-cı il tarixində  ABŞ-ın Texas ştatında keçirilən və müsabiqənin növbəti turu olan uçuş mərhələsində iştirak edib. Bu mərhələdə peyk modeli səmaya buraxılıb və proqramda nəzərdə tutulduğu kimi uğurlu  siqnal – telemetriya qəbul edilib.
 
Ölkəmizin ikinci dəfə bu müsabiqədə təmsil olunmasına baxmayaraq, "NaaSAT" komandası, hətta ABŞ, İtaliya, Nepal, Hindistan və Kanadanın bir sıra universitetlərinin təcrübəli komandalarını, həmçinin Polşanın ötənilki qalib  komandasını geridə qoyaraq yarışmada 13-cü yerə layiq görülüb.
  
Beləliklə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərkosmos" ASC-nin dəstəyi ilə Milli Aviasiya Akademiyasının tələbələrinin reallaşdırdığı növbəti model peyk layihəsi uğurla sona çatıb.
Bu da öz növbəsində, "Azərkosmos" və Milli Aviasiya Akademiyası timsalında elm-təhsil müəssisəsinin kommersiya müəssisəsi ilə uğurlu əməkdaşlığının bariz nümunəsi olub.
 
Qeyd edək ki, model peykin ölkəmizdə istehsalı və yarışmaya qatılması son illərdə Azərbaycanda sürətlə formalaşan qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kosmik sənayenin uğurlu layihələrindəndir. "CanSat" layihəsində iştirak etmək gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübəni daha da təkmilləşdirmiş olub.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL