Çində kassa və personalı olmayan avtomatlaşdırılmış səyyar mağaza istifadəyə verilib
İsveçin “Wheelys” şirkəti Şanxay küçələrində “Moby” avtomatlaşdırılmış səyyar mağazasının sınaqlarına başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, hərəkət edən kiçik pavilyon formasında olan və günəş batareyalarının köməyi ilə enerji toplayan “Moby” mağazasında ən çox 4 nəfər yerləşə bilər. “Moby” mağazasının alıcısı olmaq üçün smartfona xüsusi mobil tətbiq quraşdırmaq və bank kartını proqrama birləşdirmək lazımdır.
Sözügedən mağaza gecə-gündüz müəyyən küçələr üzrə işləyir və istifadəçi smartfonun köməyi ilə mağazanı özünə tərəf gətizdirə bilər. Smartfon, həmçinin mağazanın içinə daxil olmaq və seçilmiş malların ştrix kodlarını skan etmək üçün lazımdır. Mağazadan çıxarkən mobil proqram alış-verişin məbləğini birləşdirilmiş kartdan avtomatik çıxacaq.
Daxili sensorların köməyi ilə satılmamış malların sayı izlənilir və zərurət olduqda mağaza ehtiyat malların doldurulması üçün özü anbara tərəf gedir və onu başqa səyyar mağaza əvəz edir.