waplog

Süni intellektlə idarə olunan mobil klinika təqdim olunub


Yüksək texnologiyalar həyatımızı daha asan, daha yaxşı və daha təhlükəsiz etmək üçün nəzərdə tutulub. Tibb sahəsindəki həllər, həmçinin bu amala xidmət edir. Məsələn, “Artefact Group” şirkəti bu yaxınlarda yaxın gələcəyin tibbi texnologiyaları ilə bağlı kifayət qədər maraqlı yenilik nümayiş etdirib: süni intellektin idarəsi altında işləyən özünü idarə edən mobil klinika. Mobil klinika yalnız sağlamlıq vəziyyətinin diaqnostikası üçün innovativ datçik və sensorları deyil, həm də sürücüsüz hərəkət edən avtomobillərin əsasını təşkil edən qabaqcıl texnologiyanı özündə birləşdirir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, mobil klinika pasiyentin sağlamlığı haqda məlumatları müxtəlif mənbələrdən əldə etmək qabiliyyətinə malikdir. Qolbaq, treker, “ağıllı” tərəzi, dərman qutuları kimi “ağıllı” daşınan elektronika mənbə rolunu oynaya bilər. Lazımi əlavə prosedurlar birbaşa "səyyar kabinetdə" keçirilə bilər: termoqrafiya, nəfəs və ürək ritminin yoxlanılması, ağciyərlərin tədqiqi və təzyiqin ölçülməsi.
 
Diaqnostik müayinəni aparmış və məlumatları təhlil etmiş sistem sağlamlıq vəziyyəti haqqında qərar çıxara, sonrakı müayinə üçün lazımi mütəxəssisin qəbulunu yaza, resept tərtib edə və hətta yerində zəruri dərman preparatlarını verə bilər. Bundan başqa, sağlamlıqla bağlı ciddi problemlər olduğu halda mobil klinika pasiyenti növbətçi həkimlə əlaqələndirə və ya xəstəni yaxınlıqdakı tibb müəssisəsinə çatdıra bilər.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL