waplog

İpotekanı “Elektron hökumət” portalından alın


Bu gündən etibarən "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs "Elektron hökumət" portalına daxil olub ipoteka kreditinin alınması üçün müraciət edə bilər.
 
İpoteka krediti üçün real vaxt rejimində müraciət gücləndirilmiş elektron imza vasitəsilə (Elektron imza və ASAN imza) mümkün olacaq. Bu əsasən, vətəndaşa lazımi sənədləri real vaxt rejimində imzalamasına şərait yaradılmasını, ipoteka krediti üzrə müraciət zamanı aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini, məlumatların mühafizəsini təmin edir.
 
Daha əvvəl ipoteka krediti almış vətəndaşlar isə öz elektron kabinetlərini sadələşdirilmiş istifadəçi adı/şifr ilə də izləyə biləcəklər.
 
"Elektron hökumət" portalında "Elektron ipoteka" sisteminin istifadəyə verilməsi əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi ilə yanaşı, məlumatların real vaxt rejimində emalını, onların düzgünlüyü və təhlükəsizliyini təmin edir.
 
Xidmətdən istifadə üçün "Elektron hökumət" portalında "İpoteka krediti üçün müraciət" adlı keçid təqdim olunur.
 
"Elektron ipoteka" sistemindən necə istifadə etməli?
 
Elektron kabinetin formalaşdırılması

Xidmətə daxil olarkən, ekranda vətəndaşın elektron kabinetinin yaradılması və ipoteka krediti üzrə müraciətin formalaşdırılması üçün ərizə görünür. Bu ərizə digər dövlət qurumlarından fərdi məlumatların avtomatik qaydada alınması və müvəkkil banklara ötürülməsi barədə razılıq ərizəsidir. Həmin razılıq ərizəsini vətəndaş elektron imza ilə imzaladıqdan sonra "qeydiyyatdan keç" düyməsini sıxmaqla elektron kabinetin yaradılmasını təmin edir.
 
Elektron kabinetin yaradılması zamanı, vətəndaşın 6 dövlət qurumunun məlumat bazasında mövcud olan fərdi məlumatları elektron kabinetə ötürülür. Vətəndaş məlumatların düzgünlüyünü yoxlayır və elektron qaydada ötürülməyən digər məlumatları tələb olunan xanalara özü daxil edir.
 
"Gəlir və xərclər"
 
"Elektron kabinet" formalaşdırıldıqdan sonra "Gəlir və xərclər" bölməsinə keçid alınır.

Gəlirlər hissəsində borcalanın əsas və əlavə iş yerləri üzrə gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirləri və digər gəlirləri üzrə müvafiq xanalar mövcuddur. Borcalanın gəlirləri barədə məlumat aidiyyəti dövlət qurumlarının məlumat bazalarından ötürülür və ekranda əks etdirilir. Ekranda gəlirlər bölməsində xana boş olduğu, lakin borcalanın rəsmi sənədlərlə təsdiq olunan gəlirləri mövcud olduğu hallarda müvafiq məlumat xanalara daxil edilir.
 
Bu bölmənin xərclər hissəsində borcalanın öhdəliyində olan ailə üzvlərinin sayı, gəlirdən tutulmalar (mövcud qanunvericiliyə əsasən avtomatik qaydada hesablanır) və digər xərclər (digər kredit təşkilatları qarşısındakı öhdəlikləri, alimentlər və sair sabit xərclər) qeyd olunur.
 
"Birgə borcalanlar"
 
Borcalanın gəlirləri tələb olunan kredit məbləğinin götürülməsinə kifayət etmədiyi hallar üçün elektron kabinetdə "Birgə borcalanlar" bölməsi də yaradılıb. Burada birgə borcalan qismində borcalanın yaxın ailə üzvləri (bacı, qardaş, ata, ana, oğul, qız, baba, nənə) çıxış edə bilər. Birgə borcalanın cəlb edilməsi üçün onun da elektron imza əldə etməsi və əsas borcalan kimi elektron kabinetinin yaradılması tələb olunur. Burada borcalanların fərdi məlumatlarının qorunması, təhlükəsizliyi və onların yalnız razılığı ilə digər borcalana (birgə borcalan kimi çıxış etmək üçün) ötürülməsi OTP (One Time Password) adlı birdəfəlik şifrin verilməsi yolu ilə həyata keçirilir.
 
"İlkin qiymətləndirmə"
 
Bu bölmə ipoteka krediti üzrə müraciətin müvəkkil banklara göndərilməsinin yekun mərhələsidir. Burada borcalan müraciət etdiyi kreditin tipini (adi, güzəştli), güzəştli kateqoriyaya aid olduğu təqdirdə müvafiq kateqoriyanı, müraciət edəcəyi bankı, tələb olunan kreditin məbləğini, müddətini və alınan yaşayış sahəsinin əldə edilməsi üçün ilkin ödəniş məbləğini qeyd edir. Borcalan bu bölmədə tələb olunan məlumatları doldurduqdan sonra "hesabla" düyməsini sıxmaqla ona ayrıla biləcək kreditin ilkin şərtləri ilə tanış olur. Qeyd edək ki, borcalana ayrılacaq kreditin məbləği üzrə yekun qərar müvəkkil bank tərəfindən verilir.
 
"Qiymətləndiriciyə müraciət"
 
Borcalan kreditin verilməsinə dair müvəkkil bankdan ilkin razılıq aldıqdan və alacağı yaşayış sahəsini müəyyənləşdirdikdən sonra qiymətləndirmənin həyata keçirilməsinə başlaya bilər. Bu məqsədlə, elektron kabinetdə "Qiymətləndiriciyə müraciət" bölməsi də yaradılıb.
 
İnfo bölməsi
 
Bu bölmə daha çox  informativ xarakter daşıyır. Belə ki, artıq ipoteka kreditindən yararlanan şəxslər bu bölmənin
 
"Bildirişlər" alt bölməsində borcalan, kreditə müraciət anından kreditin bağlanmasınadək olan dövr ərzində onun elektron kabinetinə ünvanlanmış bütün bildirişlərlə tanış olur.
 
Rəsmiləşdirilmiş kreditlər üzrə tarixçəni, aktiv kredit üzrə əsas borc, faiz və hesablanmış cərimələr haqqında məlumatları "Kreditlər" alt bölməsində əldə etmək mümkündür.
 
"Ödəniş cədvəli" alt bölməsində müştəri aktiv krediti üzrə real vaxt rejimində yenilənən ödəniş cədvəli ilə tanış ola və  cədvəli çap edə bilər.
 
Borcalan onunla bağlanmış həyat və əmlak sığorta müqavilələri üzrə məlumatlar, müqavilələrin elektron fotosurətləri, həmçinin sığorta haqlarının ödənilməsi üzrə ödəniş cədvəli ilə "Sığorta" alt bölməsində tanış ola bilər.
 
"Kreditin ödənişi"
 
Kredit və sığorta haqlarının ödənilməsi üçün elektron kabinetdə  "Kreditin ödənişi" bölməsi də mövcuddur.
 
Beləliklə, Azərbaycan Respublikasının vətəndaşları "Elektron hökumət" portalı üzərindən "Elektron ipoteka" sisteminə müraciət edərək heç bir yerə getmədən yaşayış sahəsi almaq imkanı əldə etmiş olurlar.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL