waplog

Mark Sukerberq – Dünyanın ən zəngin səfili


Tam adı: Mark Elliot Sukerberq

Doğum tarixi:1984-cü il, 14 may

Doğum yeri: ABŞ, Nyu-York, Uayt-Pleyns

Vəzifəsi: “Facebook”un prezidenti, baş icraçı direktoru

Həyatı

Dünyada məşhur “Facebook” sosial şəbəkəsinin yaradıcısı kimi tanınan Mark Sukerberq 1984-cü il may ayının 14-də Nyu-Yorkun Uayt-Pleyns şəhərində doğulub. Atası Eduard diş həkimi, anası Karen psixiatr olub.

Mark Sukerberq məktəbdə oxuyarkən kompyuter proqramları ilə maraqlanıb. 9-cu sinifdə oxuyarkən “Risk” stolüstü oyununun kompyuter versiyasını hazırlayır. Sonra isə “winamp player üçün mp3” proqramını tərtib edir.

Mark, həmçinin qədim dilləri (latın, yunan və s.) öyrənib, qılıncoynatma idman növü ilə məşğul olub. “Time” jurnalı 2010-cu ildə Sukerberqi “ilin adamı” elan edib.

Bu il Mark Sukerberq “The Guardian” qəzetinin versiyasına görə, Böyük Britaniyanın media sənayesinin yüz ən nüfuzlu şəxslərinin reytinqində birinci yeri tutub. Xatırladaq ki, hələ, ötən il M. Sukerberq sözügedən siyahıda yalnız 7-ci yerdə idi.

Universitet illəri

Liseydə oxuyarkən elm sahələrində bir çox mükafat alan Mark Sukerberq, ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinin Psixologiya fakültəsinə daxil olur. O, paralel olaraq, İT kurslarında da iştirak edirdi.

Universitetin ilk illərində ən yaraşıqlı və gözəl tələbələrin seçimi üçün “www.facemash.com” saytını yaradır. Saytda Harvardın bütün tələbələrinin şəkilləri vardı. Ancaq fotoşəkilləri tapmaq üçün, universitetin məlumat bölməsinə girmək tələb olunurdu. O, şəbəkənin şifrini əldə edərək istəyini həyata keçirir.

Mark Sukerberq ilk olaraq öz saytında tələbələrin şəkillərini cüt yerləşdirərək istifadəçilərdən xahiş etmişdi ki, hansının daha cazibədar olduğuna səs versinlər. Cəmi 4 saatdan sonra saytın istifadəçilərin sayı 500 nəfərdən çox olur.

Nəticədə, təhsil müəssisəsinin rəhbərliyi resursu dayandırır və Sukerberq təhlükəsizlik qaydalarına riayət etməməkdə, şəxsi məlumatların toxunulmazlığı qaydalarını və müəlliflik hüquqlarını pozmaqda təqsirləndirilərək universitetdən xaric edilir.

Sukerberq və “Facebook”

Bundan sonra Harvardın tələbələrini internet üzərində görüşdürmək üçün Sukerberq 2004-cü ildə Harvard Universitetindən olan yoldaşları Dastin Moskovits Kris Hyuces və Eduardo Saverin ilə birlikdə “Facebook” sosial şəbəkəsini yaradır.

Şəbəkənin maliyyə təminatını braziliyalı tələbə Eduardo Saverin ödəyirdi. “Facebook” ikinci dəfə bərpa olunduqdan cəmi iki həftə sonra Harvard Universitetinin tələbələrinin yarıdan çoxu saytın istifadəçisi oldu.

Daha sonra Boston ətrafındakı məktəbləri də əhatə edən “Facebook”, iki ay ərzində İvi Liqi təhsil müəssisələrinin hamısını əhatə etdi. “Facebook” şəbəkəsi istifadəçilərin qruplara, kurslara ayrılması mümkünlüyünə görə tələbələr arasında çox məşhur oldu.

İlk illərdə ABŞ-ın bütün məktəblərində “Facebook” mövcud idi. Üzvlər əvvəllər yalnız təhsil müəssisəsinin e-mail ünvanıyla (.edu, .ac. uk və s.) üzv ola bilirdi. Daha sonrasında şəbəkə içinə bəzi böyük şirkətlər də qatıldı.

“Facebook” qısa zaman ərzində ABŞ-ın ən böyük ünsiyyət saytlarından biri oldu. 11 sentyabr 2006-cı il tarixində isə “Facebook” bütün e-mail ünvanlarına, bəzi yaş məhdudiyyəti ilə açıldı.

İstifadəçilər istədikləri şəbəkələrlə; məktəblərdən, universitetlərdən, iş yerləri, ya da yaşadığı yerlərdən daxil ola bilirdilər. “Facebook” istifadəçilərinin sayı 2009-cu ildən daha sürətlə artmağa başladı.

Hazırda “Facebook”un 800 milyon istifadəçisi var, hər gün sosial şəbəkəyə 500 milyon aktiv istifadəçi daxil olur.

Mark Sukerberqin “Facebook” saytı 2011-ci ilin “The Brand Finance Global 500” siyahısına görə dünyanın ən dəyərli 281-ci markası olub.

Sukerberq haqda maraqlı faktlar

Sukerberq “Facebook”da qeydiyyatdan keçən 4-cü istifadəçidir.

Mark Sukerberq yaşıl və qırmızı rəngi görə bilmir. O, yalnız mavi rəngin bütün çalarlarını ayırd edə bilir. Buna görə də “Facebook”u hazırlayarkən mavi rəngdən istifadə etməyi qərara alıb.

2011-ci ilin yanvarında Markın “Facebook” şəbəkəsi naməlum hakerlər tərəfindən hücuma məruz qalıb. Hakerlər onun səhifəsinə bu mətni yerləşdirib: «Facebook” nədən Nobel mükafatçısı Mohammad Yunusun dediyi kimi, sosial işlərə yönəldilməsin?» Bu statusa 500-dən artıq şərh yazılıb, təxminən 2 min nəfər onu «bəyənib». Tezliklə də səhifə bərpa olunub.

“Fortune” nəşrinin bildirdiyinə görə, Mark ovçuluq üçün lisenziya alıb. Bundan sonra, yalnız öz əli ilə öldürdüyü heyvanların ətini yeyəcəyinə söz verib. Mark Sukerberq “Esquire” jurnalının təqdim etdiyi dünyanın ən zövqsüz məşhurları “Top10”-luğunun lideridir.

Siyahı tərtibçilərinin sözlərinə görə, 27 yaşlı biznesmenin stili o qədər acınacaqlıdır ki, zarafatyana onu “brend” adlandırıblar. Əsasən, onun rəsmi tədbirlərdə futbolka və cins şalvarda iştirak etməsi kəskin tənqid olunur.

Xatırladaq ki, M.Sukerberqin "səliqəsiz imic”inin ən əsas aksessuarı – rezin şapşapıları Devid Finçerin “Facebook”dan bəhs edən “Sosial şəbəkə” filmində də öz əksini tapıb.

Dünyanın ən zəngin insanlarından biri olan Mark bir neçə ay bundan əvvələ qədər kirayədə qalıb. O, bunu sutkanın 16 saatını “Facebook”un ofisində keçirdiyinə görə ev məsələsinə çox da əhəmiyyət verməməsi ilə əsaslandırıb. Onun şəxsi varidatı 18 milyard ABŞ dollarını ötüb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL