waplog

Azərbaycan və Dünya Bankı əməkdaşlığın 25 illiyinə həsr olunmuş poçt markası nəşr edilib


Azərbaycan Dünya Bankı ilə güclü tərəfdaşlıq qurub.

 

Sentyabrın 19-da Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü ilə bağlı mərasim keçirilib.

 

Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü münasibətilə Azərbaycan hökuməti tərəfindən xüsusi olaraq buraxılan markalar imzalanıb və möhürlənib. Markaları Baş nazirin müavini Abid Şərifov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon imzalayıb və möhürləyiblər.

 

Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayan Baş nazirin müavini Abid Şərifov Dünya Bankının ölkəmizə ayırdığı kreditdən, həyata keçirdiyi layihələrdən danışıb. Baş nazirin müavini çıxışında yolların inşası məsələsinə xüsusi diqqət ayırıb: "Azərbaycanda yolların vəziyyətinin necə olduğunu hamımız bilirdik. Neft ölkəsi yolsuz idi. Prezidentin göstərişi ilə müasir standartlara uyğun 10 min kilometr yol tikilib. Ayrılan maliyyənin əksəriyyəti yolların inkişafına sərf olunub".

 

"Azərmarka" şirkəti ölkəmizdə Azərbaycan və Dünya Bankı əməkdaşlığın 25 illiyinə həsr olunmuş poçt markası nəşr edib. Bu cür markalardan 25 min nüsxə buraxılacaq. Bu markalar Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın rəmzinə çevriləcək", - deyə tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib. O  əhalinin bank və maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, ölkədə maliyyə xidmətlərinin inkişaf etdirilməsi məqsədilə 2005-ci ildə Dünya Bankı ilə birlikdə "Azərpoçt"da maliyyə xidmətlərinin göstərilməsi potensialının artırılması üzrə geniş layihənin uğurla həyata keçirildiyini qeyd edib. Dünya Bankı Azərbaycanda həyata keçirdiyi bu layihə barədə buklet hazırlayaraq bunu müsbət bir nümunə olaraq bütün ölkələrdə yayır. "Bizim üçün çox müsbət haldır ki, artıq dünyada geniş imkanlardan istifadə edərək, Mərkəzi Bankdan alınmış lisenziyalar əsasında Azərbaycan poçtu ölkənin bütün ərazisində geniş şəbəkə vasitəsilə əhalimizə poçt xidmətlərinin göstərilməsi, pulköçürmələr, maliyyə institutlarının müxbir hesablarının aparılması, debit kredit kartları, poçt çeklərinin emissiyası və s. xidmətləri həyata keçirir. Həyata keçirilən məhz bu layihə "Azərpoçt" MMC-yə maliyyə xidmətlərini göstərmək üçün yeni imkanlar yaradıb", - deyə nazir müavini bildirib.

 

Tədbirdə Azərbaycan və Dünya Bankı arasında 25 illik tərəfdaşlığın qeyd olunması ilə bağlı videoçarx nümayiş olunub.

 

Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Naqvi təqdimatla çıxış edib. Bildirib ki, təmsil etdiyi qurum Azərbaycanla icra etdiyi 41 layihə artıq yekunlaşıb. Qurum Azərbaycanda su təsərrüfatı sisteminin yaxşılaşdırılması, bərk tullantıların idarə edilməsi və qaçqın və məcburi köçkünlərinin həyat şəraitinin yaxşılaşdırılması layihələrinə dəstək verir.

 

Sonda iştirakçılar foyedə təşkil olunmuş foto və infoqrafika sərgisi ilə tanış olublar.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL