"Levi's" geyim istehsalçısı "Google" şirkəti ilə birlikdə "Commuter Trucker Jacket" "ağıllı" gödəkcəsinin satışlarına başlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, "Google" şirkətinin rəsmi bloqunda yerləşdirilən məlumata görə, gödəkcənin qolları "Jacquard" "ağıllı" parçasından hazırlanan xüsusi yamaqla təchiz edilib. Sensor ekran kimi işləyən parça siqnalı istifadəçidən geyimə bərkidilən kiçik "Bluetooth" modulu vasitəsilə smartfona ötürür.
Məlumata görə, gödəkcə müxtəlif proqramları, məsələn, naviqator və ya musiqi pleyerini idarə etməyə imkan verir. Müəyyən komandanı vermək üçün istifadəçi barmağını geyimin həssas hissəsinə aparmalı və ya ona iki dəfə toxunmalıdır.
Bundan başqa, gödəkcə daxil olan zənglər və bildirişlər barədə xəbər verəcək. Hazırda "Commuter Trucker Jacket" gödəkcəsi "Android" və "iOS" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularla uyğunluq təşkil edir.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, gödəkcəni yumazdan əvvəl quraşdırılmış "Bluetooth" modulunu çıxarmaq tələb olunur.
Qiyməti 350 dollar təşkil edəcək "Commuter Trucker Jacket" gödəkcəsinin satışlarına sentyabrın 27-dən etibarən başlamaq planlaşdırılır. İlkin mərhələdə gödəkcəni yalnız ABŞ-da əldə etmək mümkün olacaq. Digər ölkələrə tədarüklərin nəzərdə tutulması barədə məlumat verilmir.