Holoqrafik bədənə malik süni intellekt mehmanxanada qapıçı işləyə bilər
“VNTANA” və “Satisfi Labs” şirkətləri tərəfindən elan edilmiş yeni platforma sahibkarlara biznesdə istifadə məqsədilə öz holoqrafik robot köməkçilərini yaratmağa imkan verəcək. Yeni layihə müştərilərlə qarşılıqlı əlaqə yaratmaq qabiliyyətinə malik robotun holoqrafik bədəninin yaradılması üçün özündə süni intellekt və artırılmış reallıq texnologiyalarını birləşdirir.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, "holoqramların yaradılması üçün texnologiyamız bir çox brendlərə öz istehlakçıları ilə daha yaxşı qarşılıqlı əlaqə yaratmağa kömək edib və biz öz platformamızda yeni əlavəni təklif etməyə çox şadıq – “VNTANA” şirkətinin baş direktoru və həmtəsisçisi Eşli Krouder deyib. Biz “Satisfi Labs” şirkəti ilə əməkdaşlıq sayəsində ilk dəfə olaraq holoqrama süni intellekti inteqrasiya etməyə nail olduq və bu, holoqramlarımızın istehlakçılarla daha qabaqcıl səviyyədə qarşılıqlı əlaqə yaratmasına kömək edəcək".
Yeni sistemin əsas özəlliklərindən biri süni intellektin insanlarla qarşılıqlı əlaqə haqda məlumatları toplamaq və emal etmək qabiliyyətidir ki, bu da gələcəkdə hər bir insan üçün unikal ünsiyyət sazlamasını tərtib etməyə imkan verir. Həmçinin emosiyaları təyin etmək üçün sifətin tanınması sistemi və əhval-ruhiyyənin analizi modulu istifadə olunacaq.