waplog

“ATSC 3.0” standartlı ilk efir televiziya yayım şəbəkəsi istifadəyə verilib


Cənubi Koreyanın “Seoul Broadcasting System” (SBS), “Korean Broadcasting System” (KBS) və “Munhwa Broadcasting Corporation” (MBC) yayım şirkətləri “Ultra HD” formatlı kanalların translyasiyası üçün “ATSC 3.0” standartında dünyanın ilk yerüstü yayım şəbəkəsini istifadəyə veriblər.  

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, ümumilikdə şəbəkəyə “Rohde & Schwarz” şirkətinin 11 nöqtədə quraşdırılan 31 verici sistemi daxildir. Ölkə paytaxtı Seulda verici bu ilin mayın sonunda istismara verilib, digər regionların isə bu yaxınlarda şəbəkəyə qoşulması gözlənilir.

Məlumata görə, yerüstü efir rəqəmli televiziya şəbəkəsi (DTT) tamaşaçılara 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları ərəfəsində proqramları “Ultra HD” standartında seyr etməyə imkan verəcək.

Şəbəkənin Seul şəhərini əhatə edən birinci mərhələsinin qurulması üçün “Rohde & Schwarz” şirkəti 2016-cı ilin sonunda dörd verici “SBS” stansiyasında quraşdırılma üçün 2 və 5 kVt gücündə “R&S THU9” tipli maye soyutma vericiləri tədarük edib. Həmin ilin dekabrında isə Kvanak stansiyasında quraşdırılan verici “ATSC 3.0” standartında dünyada ilk translyasiyanın həyata keçirilməsini təmin edib.

Layihənin reallaşdırılmasının ikinci mərhələsində yayım şirkətlərinin paytaxt regionunun və olimpiada çərçivəsində idman yarışlarının keçiriləcəyi ərazilərin əhatə olunması üçün şəbəkəni genişləndirəcəyi gözlənilir. “Rohde & Schwarz” operatorlara təqdim edilmiş konfiqurasiya əsasında 2 və 5 kVt gücündə vericilər tədarük edəcək.

Layihənin həyata keçirilməsinin ikinci mərhələsi 2017-ci ilin sonunda istismara veriləcək 27 verici sisteminin quraşdırılmasını nəzərdə tutur. Cənubi Koreya televiziyasının ölkə ərazisinin 90 faizini əhatə etməklə yeni rəqəmli “ATSC 3.0” standartına keçidinin 2020-ci ildə başa çatdırılması planlaşdırılır.  

Qeyd edək ki, “ATSC” əsasən analoq televiziya yayımının “NTSC” sistemində aparıldığı ölkələrdə tətbiq edilən rəqəmli televiziya yayımı standartıdır. “ATSC” standartının başlıca rəqibləri Avropanın “DVB”, Yaponiyanın “ISDB” və Çinin “DTMB” standartları hesab olunur.

Cənubi Koreya 2016-cı ildə efir yayım şəbəkəsinin qurulmasında “DVB-T2” Avropa standartından imtina edərək ABŞ-ın “ATSC 3.0” standartından istifadəyə üstünlük verməyə başlayıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL