Yeni yük pilotsuz uçuş aparatı ilk uçuşunu edib
Çin Elmlər Akademiyasının əməkdaşları Yeni Zelandiyanın “P750XL” təyyarəsi əsasında “AT200” yük pilotsuz uçuş aparatının prototipini hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, konstruksiyanın bir sıra digər şirkət və elmi təşkilatların mütəxəssisləri tərəfindən tamamlanması nəticəsində uçuş kütləsi 3,4 ton təşkil edən pilotsuz uçan aparat ərsəyə gətirilib. Sınaqlar zamanı aparat yerdə 200 metr məsafədə sürət yığdıqdan sonra havaya qalxaraq 26 dəqiqə davam edən ilk uçuşu həyata keçirib.
Aparatın hazırlanması ilə məşğul olan akademiya əməkdaşlarının sözlərinə görə, “AT200” hazırda göyərtəsində yarım tonadək faydalı yük daşıya bilən dünyanın ən ağır mülki yük pilotsuz uçuş aparatlarından biridir. Maksimal uçuş sürəti saatda 313 km təşkil edən aparat, həmçinin 6 km hündürlükdə təxminən 2 min km uça bilir.
Məlumata görə, yeni pilotsuz uçan aparatın vəzifəsi ucqar yerlərdə və dəniz akvatoriyalarında yaşayan insanların ərzaq və lazımi sənaye malları ilə təchiz edilməsindən ibarətdir. Mütəxəssislərin fikrincə, belə aparatlar daşıyıcılar üçün pula qənaət etməklə yanaşı, reyslərin sayını artırmağa imkan verəcək.
“AT200” yük pilotsuz uçuş aparatının qiyməti və seriyalı istehsalına başlama müddəti barədə məlumat verilmir. Bunadək aparatın tamamlanaraq aerodinamikasını, tutumunu və konstruksiyasını yaxşılaşdırmaq planlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL