waplog

Süni intellekt kompüter tomoqrafiyası əsasında diaqnoz qoyacaq


İsrailin “Zebra Medical Vision” şirkəti diaqnoz qoymaq üçün kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası və digər şəkillərin nəticələrini analiz edən “Zebra AI1” (və ya Zebra-Med) aparatını nümayiş etdirib. Robotun rəyi həkimlər tərəfindən son qərarın qəbul edilməsi üçün onlara təqdim olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, süni intellekt 11 müxtəlif xəstəliyi avtomatik müəyyənləşdirir, ilin sonunadək isə onların sayının 17-dək artırılacağı gözlənilir. Robotun aşkarlaya bildiyi patologiyalar arasında ağciyər xərçəngi, süd vəzi xərçəngi, ürək-damar xəstəlikləri, eləcə də baş-beyin travmaları qeyd edilir. Mütəxəssislər nümunə kimi tac arteriyalarında kalsiumun toplanmasının aşkarlanması üçün aparılan tədqiqatı göstərirlər.

Mütəxəssislərin sözlərinə görə, dərin kompüter təlimi sisteminin “öyrədilməsi” üçün layihə ilə əməkdaşlıq edən xəstəxanalar tərəfindən təqdim edilən çoxlu yüksək keyfiyyətli fotoşəkillərdən istifadə olunub. “Yüzlərlə kompüter tomoqrafiyası şəkli ilə keçirilən eksperimentdə süni intellekt 95 faiz düzgün qoyulmuş diaqnoz nəticəsi nümayiş etdirib. Bundan başqa, “Zebra AI1” ABŞ, Böyük Britaniya və digər ölkələrin tibb müəssisələrində istifadə edilən radioloji informasiya sistemləri (RIS) və fotoşəkillərin mübadilə sistemləri (PACS) ilə inteqrasiya edilib. “Zebra AI1” aparatı vasitəsilə bir müayinənin qiyməti 1 dollar təşkil edir”, - alimlər bildirib.

Qeyd edək ki, “Zebra AI1” yeganə robot həkim hesab edilmir. Belə ki, bu yaxınlarda “IBM” şirkəti də “IBM Watson” süni intellekt sistemini rentgen, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası kimi müxtəlif şəkillərin analizini “öyrədərək” onlar əsasında xəstəliyin olması barədə rəy verməyə başlayıb.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL