"HTC" şirkəti qabaqcıl "HTC U11+" smartfonunu rəsmən təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, bu, şirkətin çərçivəsiz dizayna malik ilk smartfonudur - ekran ön paneli tam əhatə edir. Digər yeniliklər kimi şəffaf arxa panel və sıxılma ilə idarəetmə imkanı qeyd olunur.
Məlumata görə, "HTC U11+" tərəflərinin nisbəti 18:9 təşkil edən 5 düym diaqonallı, "Quad HD+" (2880 x 1440 piksel) təsvir ölçülü və "Gorilla Glass 5" qoruyucu şüşəli "Super LCD6" displey, arxa panel barmaq izi skaneri, optik stabilləşdirici sistemə malik 12 meqapikselli əsas "UltraPixel 3" kamerası və 8 meqapikselli ön kamera ilə təchiz edilib. Aparat əsasını "Qualcomm Snapdragon 835" prosessoru, 4 və ya 6 giqabaytlıq operativ yaddaş və "microSD" formatlı yaddaş kartları ilə genişləndirmə imkanına malik 64 və ya 128 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edəcək.
Tutumu 3930 milliamper/saata bərabər akkumulyator "Qualcomm Quick Charge 3.0" sürətli enerjidoldurma funksiyasını dəstəkləyir. Smartfonun "IP68" standartı üzrə suyadavamlı və tozkeçirməz olması ona yarım saatadək suyun 1,5 metr dərinliyində olmağa imkan verir.
"HTC Sense" interfeysli "Android 8.0 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni qurğu smartfonla əllə sıxmaqla işləməyə imkan verən sensor "Edge Sense" korpus çərçivəsi ilə təchiz olunub.
Bundan başqa, ölçüsü 158,5 x 74,9 x 8,5 mm, çəkisi 188 qram təşkil edən smartfon iki SİM kartdan istifadəni, "LTE Cat.15", "Wi-Fi" (802.11ac), "Bluetooth 5.0", "NFC", "GPS" və "GLONASS" modullarını dəstəkləyir. Qulaqcıq üçün 3,5 millimetrlik çıxış quraşdırılmayıb.
Qara, gümüşü və parlaq rəng variantlarında satışa çıxarılacaq "HTC U11+" smartfonunun Avropada qiyməti 799 avro təşkil edəcək. Qurğunun buraxılış müddəti barədə məlumat hələlik açıqlanmır.