Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı keçirilib
“Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı Bakıda keçirilib. İlk toplantı isə 2012-ci ildə Tehran şəhərində baş tutub.
İclasda tənzimləmə, radiotezliklər, telekommunikasiya, peyk xidmətləri, kibertəhlükəsizlik və yüksək texnologiyalar sahəsində çoxtərəfli müstəvidə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Toplantıda İqtisadi Əməkdaşlıq Təşkilatının katibliyi, Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri, Türkiyə, İran, Türkmənistan, Qazaxıstan və Tacikistanın sahə üzrə rəhbər şəxsləri iştirak edib.
Təşkilat çərçivəsində Azərbaycan digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə də əməkdaşlıq etməkdədir.
İclasda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları üzrə ikinci Nazirlər Toplantısının Bakıda keçirilməsini Azərbaycan Respublikasının bir sıra mühüm regional iqtisadi və infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi əldə etdiyi uğurlarla əlaqələndirib.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti və Bakı-Tbilisi-Qars dəmiryolu layihələrini misal göstərən nazir bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir.
“Bakı-Tbilisi-Ərzurum qaz boru xətti isə 10 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir. Bu layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Strateji əhəmiyyətli regional infrastruktur layihələrindən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bu dəmir yolu xətti Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı etdirilməsi ilə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına da investisiya qoyur. Bu ilin oktyabrında biz Rusiya ilə birlikdə Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün təməllərini atmışıq. Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb. Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı İran İslam Respublikası ilə sıx əməkdaşlıq edirik”.
Həmçinin, R.Quluzadə Ələt qəsəbəsində inşa edilən yeni Beynəlxalq dəniz limanının ölkəmizin tranzit nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətindəki əhəmiyyətini vurğulayıb.
İKT sektoruna gəlincə isə nazir informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində vəzifələrin Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi ilə müəyyən edildiyini bildirib.
O, həmçinin bu hədəflərin “İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Strategiyası” ilə üst-üstə düşdüyünü qeyd edib.
“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdəki Yüksək texnologiyalar parkları, innovasiya mərkəzləri, biznes inkubatorlar arasında əməkdaşlığın genişləndirilməsi, birgə startapların yaradılması ölkələrimiz arasında İKT sahəsində əməkdaşlıq istiqamətlərindən birini təşkil edə bilər. Biz, həmçinin ölkələrimiz arasında elektron ticarət həcminin artırılmasında maraqlıyıq. Bunun üçün vacib olan “Elektron imza” sertifikatlarının qarşılıqlı tanınması ilə bağlı birgə iş aparılmasını zəruri hesab edirik. Bu istiqamətdə atılacaq addımlardan biri üzv dövlətlər arasında müvafiq çoxtərəfli Sazişin imzalanması ola bilər. Əminəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində keçiriləcək bu kimi toplantılar dövlətlərimiz arasında İKT sahəsində əməkdaşlığa təkan verəcək və effektiv platforma rolunu oynayacaqdır” .
İqtisadi Əməkdaşlıq Təşkilatının baş direktoru Xəlil İbrahim Akça nazirlərin 2-ci toplantısının Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycanla nəqliyyat və İKT sahəsində sıx əməkdaşlıq edilir. “İƏT regionun nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi üzrə Azərbaycanla əməkdaşlıq olduqca faydalıdır. Azərbaycan Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin, “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas iştirakçısıdır”. X.Akça təşkilatın əsas məqsədinin davamlı iqtisadi artıma nail olunması, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi olduğunu qeyd edib.
O, həmçinin bildirib ki, bugünkü konfrans ötən gün işçi qruplarının birgə müzakirələrindən əldə olunan nəticələrin təhlilinə və təşkilat çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə həsr olunub.
Baş direktor üzv dövlətlərdə sahə ilə bağlı qanunvericilik və tənzimləmə siyasətinin optimallaşdırılmasını, İKT üzrə çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsini vacib sayıb.
Daha sonra üzv ölkələrin (Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Tacikistan) nümayəndələri çıxış edib.
Sonda işçi qruplarının iclaslarında müzakirə olunan məsələlərin yekunu olaraq tövsiyə sənədi kimi Bakı Bəyannaməsinin qəbul olunması müzakirə edilib. Qeyd edilib ki, bugünkü müzakirələr üzv ölkələrdə İKT-nin inkişafına təkan verəcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL