waplog

Növbəti “Galileo” peyk sistemi buraxılıb


“Ariane-5” raketdaşıyıcısı dekabrın 12-də Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan start götürüb. Raketdaşıyıcısının vəzifəsi hazırlanması ilə Avropa Kosmik Agentliyinin (European Space Agency, ESA) məşğul olduğu dörd qlobal “Galileo” naviqasiya peyk sistemini orbitə çıxarmaqdan ibarətdir.   

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, raketdaşıyıcısının göyərtəsində olan dörd peykin hər birinin çəkisi 715 kiloqram təşkil edir.  

Məlumata görə, “Galileo” Avropa İttifaqı (Aİ) və Avropa Kosmik Agentliyinin birgə peyk naviqasiya sistemi layihəsidir. Geodeziya və naviqasiya işlərinin həlli üçün nəzərdə tutulan sistemə ABŞ-ın “GPS” və Rusiyanın “GLONASS” peyklərindən fərqli olaraq milli hərbi qurumlar tərəfindən nəzarət edilmir. 

Hazırda orbitdə “Galileo” peyklərinin sayı 18 təşkil edir. Budəfəki missiya uğurlu olacağı təqdirdə işlək aparatların ümumi sayı 22 ədədə çatacaq. Çəkisi 700 kiloqrama yaxın aparatlar 23 222 km hündürlükdə (GPS-də bu göstərici 20 180 km təşkil edir) yerləşir.

Orbitə 24 peykin hamısı çıxarıldıqdan sonra sistemin 2020-ci ildə tam işə düşəcəyi gözlənilir, lakin artıq agentlik 26 aparat sifariş edib, gələcəkdə isə onların sayının 30 ədədə çatdırılması nəzərdə tutulur. Bu günədək Avropa İttifaqı “Galileo” proqramına 5 milyard avrodan çox vəsait xərcləyib, 2020-ci ilədək isə xərclər daha 7 milyard avro təşkil edə bilər. Sistemin dəqiqliyi həmçinin çoxsaylı aparatlar və onların təchiz edildiyi daha müasir atom saatları (səhv 1 nanosaniyə qiymətləndirilir) ilə əlaqədardır. Sistemin siqnalının hətta yeraltı tunellərə çatacağı bildirilir. Əlavə ödəniş əsasında isə müştərilər obyektlərin olduğu yerləri 1 santimetr dəqiqliklə müəyyənləşdirə biləcəklər.

“Galileo” naviqasiya sistemindən həmçinin axtarış və xilasetmə işləri üçün istifadə etmək nəzərdə tutulur. Mövcud analoqlara insanın 10 kvadrat km ərazidə aşkarlanması üçün 3 saatadək vaxt tələb olunur. Ekspertlərin hesablamalarına görə, “Galileo” sisteminə bunun üçün 10 dəqiqə lazım olacaq, eləcə də axtarış ərazisi 5 kvadrat km-dək azalacaq.

“Ariane-5” raketdaşıyıcısı ikinci dəfədir “Galileo” peyk sistemlərinin buraxılışı üçün istifadə olunur.
“ESA” 1975-ci ildə kosmosun tədqiqi üçün yaradılan beynəlxalq təşkilatdır. Təşkilat 22 daimi üzvdən ibarətdir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL