Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Azərbaycandakı Amerika Ticarət Palatasının təşkil etdiyi işgüzar naharda iştirak edib
Dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) “Hewlett Packard Enterprise” (HPE) şirkətinin dəstəyi ilə öz üzvləri üçün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı və nitqi ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib. Tədbirdə diplomatik korpusun nümayəndələri də daxil olmaqla təqribən 150 qonaq iştirak edib.
Tədbiri açıq elan edən Azərbaycandakı Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov və icraçı direktor Natəvan Məmmədova qonaqları salamlayaraq işgüzar naharda əsas natiq qismində iştirak edən Ramin Quluzadəyə öz minnətdarlıqlarını ifadə ediblər.
Sonra nazir Ramin Quluzadə auditoriya qarşısında çıxış edib.
Görüş üçün Amerika-Azərbaycan Ticarət Palatasına təşəkkür edən nazir nəqliyyat, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı istiqamətində ölkə başçısının diqqət və qayğısı ilə həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Strateji Yol Xəritəsi ilə müəyyən edilmiş hədəflərə çatmaq üçün Bakıda və regionlarda genişzolaqlı şəbəkə qurulur, yeni texnologiyalar – o cümlədən, LTE texnologiyası tətbiq olunur. Azərbaycanın, regionun ən təhlükəsiz Data Mərkəzinə malik olduğunu xatırladan nazir Yevlax şəhərində Ehtiyat Data Mərkəzinin qurulduğunu bildirib. Mərkəzin fəaliyyətinin genişləndirilməsi üçün bu yaxınlarda “Microsoft” şirkəti ilə memorandum imzalandığı diqqətə çatdırılıb.
Ramin Quluzadə müasir iqtisadi münasibətlər və inkişaf üçün İKT-nin tətbiqinin qaçılmaz olduğunu vurğulayıb. O, bunun üçün elektron mühitin genişləndirilməsinin vacibliyini qeyd edib.
“Elektron xidmətlərin cəmləşdiyi vahid platforma olan “Elektron hökumət” portalı vasitəsilə hazırda, ümumilikdə, 89 qurum tərəfindən vətəndaşlara 440 sayda elektron xidmət göstərilir. Bu say, təbii ki, daimi olaraq artırılır. Portalın daimi istifadəçilərinin sayı 700 000-dir. Ümumilikdə elektron xidmətlərə müraciət sayı isə 60 000 000-u ötüb. Bilirsiniz ki, elektron mühitin inkişafı üçün vacib infrastrukturlardan biri də elektron imzadır.
2019-cu ildə yeni nəsil şəxsiyyət vəsiqələrinin vətəndaşlara verilməsi nəzərdə tutulur ki, bu şəxsiyyət vəsiqələrində e-imza sertifikatlarının yerləşdirilməsi təmin ediləcək. Hesab edirəm ki, şəxsiyyət vəsiqələrində e-imzanın tətbiqi elektron xidmətlərin və mühitin inkişafına çox müsbət təsir edəcək. “Elektron imza” sertifikatlarının ölkələr arasında qarşılıqlı tanınması ilə bağlı ardıcıl işlər aparılır və inanırıq ki, bu, iş adamları üçün yeni imkanlar açacaq. İKT sektorunda həyata keçirilən işlərin nəticəsi kimi, beynəlxalq reytinqlərdə əldə etdiyimiz göstəriciləri də diqqətinizə çatdırmaq istərdim. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının 2017-ci il üçün İKT-nin İnkişaf İndeksi üzrə hesabatında dünya ölkələri arasında 65-ci yeri tutur. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında isə 2-ci yerdədir. Nəzərinizə çatdırım ki, Azərbaycan əhalisinin təqribən 80 faizi internet istifadəçisidir və ölkəmizdə mobil rabitə abunəçilərinin sayı əhalinin 106 faizini təşkil edir”.
Sektor üzrə həyata keçirilən digər layihələrdən danışarkən nazir elektron ticarətin inkişafına hesablanan “Poçt HUB” layihəsini qeyd edib. O bildirib ki, layihəyə əsasən, Çindən sifariş olunan e-ticarət məhsulları "Silk Way" Aviaşirkəti vasitəsilə Azərbaycana gətirilir, “Azərpoçt” bu məhsulları tranzit mərkəzdə çeşidləyir və ünvanı üzrə göndərir. Hazırda dünyanın 17 ölkəsi ilə, o cümlədən ABŞ ilə bu istiqamətdə əməkdaşlıq edilir.
Azərbaycan hökumətinin təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsindən danışan R.Quluzadə bildirib ki, bu il “Bakutel-2017” sərgi-konfransı çərçivəsində içtirakçı ölkə və operatorlarla həlledici görüş keçirilib və layihənin reallaşdırılması üçün birgə büdcənin yaradılması tam olaraq razılaşdırılıb.
Nazir, həmçinin regionda ilk olaraq Azərbaycanda ən effektiv və müasir səviyyədə sterilizasiya aparılmasına imkan verən yüksək gücə və məhsuldarlığa malik Radiasion Sterilizasiya qurğusu yaradıldığını və bunun iş adamlarına beynəlxalq standartlara cavab verən steril məhsullar istehsal etməyə imkan yaratdığını bildirib.
Startapçılar üçün münbit şərait və ekosistem yaradıldığını deyən R.Quluzadə bunu dövlətin innovativ iqtisadiyyatın perspektiv inkişafına ən real dəstəyi kimi qiymətləndirib. O, yeni İnnovasiya Mərkəzinin yaradılmasının planlaşdırıldığını da qeyd edib.
Azərbaycanın beynəlxalq tranzit daşımalar üçün əlverişli coğrafi mövqeyə malik olduğunu vurğulayan nazir yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolunu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol adlandırıb. “Bu gün ölkəmizdə avtomobil yolları yenilənir. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına investisiya qoyulur. Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanının inşasını xüsusi qeyd etmək istərdim. Bu layihə Azərbaycanın tranzit nəqliyyat-logistika qovşağına çevrilməsində böyük əhəmiyyətə malikdir” - deyə nazir bildirib.
Qeyd edək ki, Palatanın təşəbbüsü olan və “Amcham Azərbaycan” tərəfindən hər ay təşkil olunan işgüzar naharda yüksəkvəzifəli hökumət rəsmiləri, Azərbaycan Parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
Amerika Ticarət Palatası Azərbaycanda xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər bir sektorunda fəal olan 280-dən çox daimi üzvdən və müxbir üzvdən ibarətdir. “AmCham Azərbaycan” ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL